Rauf Heydərlidən, London, Böyük Britaniya
27 noyabr 2024, 20:55
Hörmətli cənab Prezident.
Mən 2024-cü ildə QS Beynəlxalq Reytinq Agentliyinin göstəricilərinə görə dünyanın ikinci ən yaxşı ali təhsil müəssisəsi hesab edilən Böyük Britaniyanın İmperial Kollecində kimya mühəndisliyi fakültəsinə qəbul olunmuşam. Həmçinin bu ilin avqust ayında "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində çox arzuladığım təqaüd proqramına layiq görülmüşəm. Artıq bir neçə aydır ki, London şəhərində yaşayıram və ötən həftə ilk təqaüdüm mənə təqdim olunub. Bunun üçün Sizə təşəkkür etməyi özümə borc bildim.
Məhz Sizin təşəbbüsünüz və Sərəncamınızla qəbul edilmiş Dövlət Proqramı öz potensialını daha da inkişaf etdirmək arzusunda olan mənim kimi yüzlərlə gəncin gələcək həyatında və eləcə də ölkəmizin elmi-texniki və intellektual potensialının artırılmasında inanıram ki, müstəsna rol oynayacaq.
Mənim üçün bu təqaüd proqramı maliyyə dəstəyi olmaqla yanaşı, həm də təhsilimdə uğur qazanmağım və gələcək planlarım üçün böyük ruh yüksəkliyi verən dərin bir etimaddır. Hazırda ən böyük hədəfim ali təhsilimi yüksək qiymətlərlə bitirib, əldə etdiyim bilik və bacarıqları ölkəmizin inkişafı üçün istifadə etməkdir.
Təsadüfi deyildir ki, dövlətimizin istedadlı gənclərə qayğısı və xarici universitetlərdə təhsil almaq üçün onların göndərilmə təcrübəsinin əsası məhz Ümummilli Lider və müasir Azərbaycanın memarı Heydər Əliyev tərəfindən qoyulub. Bu səylər nəticəsində 70-ci illərdə xaricə təhsil üçün göndərilmiş gənclər ölkəmizin inkişafında özünəməxsus rol oynayıb.
Möhtərəm cənab Prezident, bir daha Sizə biz gənclərə göstərdiyiniz qayğı və diqqətə görə dərin minnətdarlığımı bildirirəm.
Azərbaycanın tərəqqisi naminə yorulmaz və şərəfli fəaliyyətinizdə daim uğurlar arzulayıram
Hörmətlə,
Rauf Heydərli, İmperial Kollec Universitetinin tələbəsi.
Böyük Britaniya, London şəhəri.