Əhməd Vəliyevdən, Bakı, Azərbaycan
27 noyabr 2024, 19:05
Hörmətli Prezident!
Azərbaycanın ev sahibliyi ilə multikultural dəyərlərə malik COP29 sammitinin uğurla başa çatması münasibətilə Sizi Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və çoxsaylı tələbələri adından təbrik edirik.
Hazırda beynəlxalq miqyasda yüksək səviyyədə qəbul olunan müstəqil demokratik Azərbaycan dünya çapında, dünyanın aparıcı ölkələri arasında getdikcə layiqli və nüfuzlu yer tutmuşdur. Təbii ki, bu uğurların fövqündə birmənalı olaraq Sizin söz və əməl birliyiniz, beynəlxalq aləmdə artan nüfuzunuz durur. Bu möhtəşəm tədbirdə dünyanın iqlim problemlərinin həlli istiqamətində həmrəyləşən bir "yaşıl dünya” yarandı. Belə ki, Sizin titanik rəhbərliyiniz ilə müstəqil Azərbaycan təhlükəsiz gələcəyin "yol xəritəsi"ni bu gün Bakıdan dünyaya uğurla bəyan etdi. Məhz Azərbaycan dünyanın çoxsaylı dövlət, hökumət başçılarının və minlərlə insanın iştirakı ilə keçirilən qlobal tədbirin mükəmməl, yüksək və nümunəvi təşkilatçılıq modelini ortaya qoydu. Siz bu gün güclü və nüfuzlu ölkə rəhbəri olaraq müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regionda və dünyada bir lider kimi yüksək səviyyədə bir daha qəbul olundunuz.
Möhtərəm cənab Prezident, Sizin tərəfinizdən həyata keçirilən siyasət, o cümlədən çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan beynəlxalq miqyaslı layihələr sülhsevər ölkəmizin bütün istiqamətlərdə hədəflərinin, eləcə də Azərbaycan reallığını dünyaya təqdim edir. Məhz Sizin söz və əməl birliyiniz, yüksək intellektə əsaslanan bəsirətiniz hələ çox illər boyu Ulu Tanrının köməyi ilə xalqımızı yeni-yeni uğurlara, qələbələrə qovuşduracaq. Siz qeyri-adi istedadınız, yüksək intellektiniz, iti zəkanız və beynəlxalq aləmdəki qara qüvvələri susdura biləcək məntiqiniz sayəsində ən uca yüksəklikləri fəth etmiş, əvəzolunmaz, bütün dünya azərbaycanlıların bir lider olaraq millətimizin, bütün Azərbaycan xalqının varlıq rəmzinə çevrilmisiniz. Mütəmadi olaraq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilmiş doğma Azərbaycanımızın hər bir övladı Sizinlə - Lideri ilə fəxr edir, Sizə sonsuz məhəbbətini ifadə edərək qürur duyurlar.
Əziz Prezidentimiz, bir daha COP29 sammitinin uğurla, ən yüksək səviyyədə keçirilməsi münasibətilə Sizi Odlar Yurdu Universitetinin bütün kollektivi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edərək, ailə səadəti, xoşbəxtlik, sağlam həyat, xoş əhvali-ruhiyyə, xalqımızın, dövlətimizin bu günü və sabahı naminə uzun ömür, cansağlığı arzu edirəm. Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Allah Sizi qorusun!
Hörmətlə,
Əhməd Vəliyev, Odlar Yurdu Universitetinin rektoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.