Ülvi Fərzəliyevdən, Neftçala, Azərbaycan
21 noyabr 2024, 15:20
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərə daha biri əlavə olunur. Bu gün paytaxt Bakı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a uğurla ev sahibliyi edir.
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməklə bağlı mütərəqqi təcrübəsi və potensial imkanları heç bir kəsdə şübhə doğurmur. Odur ki, COP29 kimi qlobal tədbirin ölkəmizdə keçirilməsi təşəbbüsü bütün dövlətlər tərəfindən yekdilliklə qəbul edildi. Hər birimiz əmin idik ki, bu tədbir digərləri arasında ən yaddaqalanı olacaqdır. Elə də oldu!
COP29 çərçivəsində keçirilən Liderlər Sammitində və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışlarınız nəinki azərbaycanlıları, bütün dost və tərəfdaşlarımızı da olduqca qürurlandırdı. Bunu zalda ucalan alqış səslərindən də aydın sezmək olurdu. Siz qlobal iqlim məsələləri fonunda müstəmləkəçilik kimi daha böyük problemləri və onların həlli yollarını dilə gətirməklə dünyanın sülh və bərabərlik gündəmini də formalaşdırdınız. Artıq Azərbaycan təkcə regional deyil, həm də beynəlxalq səviyyədə sülhün və ədalətin təmin olunması üçün əməli addımlar atır. Sizin rəhbərliyinizlə ölkəmizin qlobal təşəbbüsləri və liderliyi yüksələn dinamika ilə davam edir.
Sizə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik!
Hörmətlə,
Ülvi Fərzəliyev
Azərbaycan Respublikası, Neftçala şəhəri.