Minəvvər Vahabovadan, Nyu-Cersi, ABŞ
15 noyabr 2024, 18:10
Möhtərəm cənab Prezident.
Azərbaycan dövləti tərəfindən yürüdülən ekoloji siyasəti, atılan mühüm addımları və səmərəli fəaliyyəti yüksək qiymətləndirir, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsini olduqca vacib sayır, bu tədbirin dünyada ətraf mühitin qorunmasına mühüm töhfələr verəcəyinə inamımızı ifadə edirik.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunu təcəssüm etdirməklə yanaşı, ekoloji məsələləri hər zaman ön planda saxladığını göstərir. Sizin Sərəncamınızla 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bir daha sübut edir ki, qlobal ekoloji böhran şəraiti və onun cəmiyyət üçün yaratdığı problemlər, bu problemlərin həlli yolları günümüzün ən aktual məsələlərindən biridir.
Möhtərəm cənab Prezident, ölkəmiz digər qlobal səviyyəli tədbirlərdə olduğu kimi, COP29-u da yüksək səviyyədə təşkil edir, ona göstərilmiş etimadı doğruldur. Azərbaycan naminə, həmçinin qlobal səviyyədə sağlam həyat naminə atdığınız bütün addımlarda Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Minəvvər Vahabova,
Amerika Azərbaycan Təşkilatları Alyansının sədri
Amerika Birləşmiş Ştatları, Nyu-Cersi ştatı.