İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb
10 noyabr 2024, 16:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada ilə görüşüb.
San-Tome və Prinsipi Demokratik Respublikasının Baş nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərdə ilk səfər olduğunu deyən dövlətimizin başçısı onun əhəmiyyətinə toxundu.
Xoş sözlərə görə minnətdarlığını bildirən Patris Emeri Trovoada Bakının gözəlliyinin onlarda xoş təəssürat yaratdığını dedi.
O, Zəfər bayramı münasibətilə təbriklərini çatdırdı, sülhün və sabitliyin təmin olunmasının önəmini qeyd etdi.
Patris Emeri Trovoada ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğuladı.
Qonaq COP29-un uğurlu keçməsini arzulayaraq qeyd etdi ki, bu tədbir dünyanın üzləşdiyi iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə töhfə verəcək.
San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri COP-da kiçik ada dövlətlərinin problemlərinə xüsusi qayğı və diqqət göstərilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi, Azərbaycanın bu məsələdə də liderlik rolu nümayiş etdirdiyini vurğuladı.
COP29-un səmərəli nəticələr verəcəyinə ümidvarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, kiçik ada dövlətləri ilə əlaqədar ayrıca Zirvə toplantısı keçiriləcək. Azərbaycanın “Commonwealth” təşkilatı vasitəsilə kiçik ada dövlətlərinə maliyyə dəstəyi verdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, iqlim dəyişmələrinin kiçik ada dövlətlərinə təsirinə dair məlumatın “Azərkosmos” vasitəsilə toplanması və təhlil edilməsi ilə bağlı bu ölkələrə ayrıca dəstək göstəriləcək.
Söhbət zamanı ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.
Qonaq Azərbaycanın bu sahədə yaxşı təcrübəsinin olduğunu deyərək, həmin təcrübənin ölkəsi üçün də maraqlı olacağını diqqətə çatdırdı. Bu xüsusda, Azərbaycan nümayəndə heyətinin tezliklə həmin ölkəyə səfərinin və birgə layihələrin yerində müzakirə olunmasının önəmi vurğulandı.