İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
31 oktyabr 2024, 11:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbinin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizə müxtəlif istiqamətlərdə yeni təkan verilməsinin zəruriliyini qeyd edərək, siyasi əlaqələrin yaxşı səviyyəyə çatdığını, ticarət və iqtisadi sahələrdə isə görüləsi çox işlərin olduğunu dedi.
Dövlətimizin başçısı beynəlxalq təşkilatlar, ilk növbədə, BMT və Qoşulmama Hərəkatı çərçivəsində bu günə qədər ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı və bunun gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Səfir, ilk növbədə, Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedinin salamlarını və Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə bağlı təbriklərini dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Konqo dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Səfir Azərbaycan ilə Konqo arasında təhsil, bank, maliyyə, mədənçilik, təhlükəsizlik sektorlarında və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxundu.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir Konqo Demokratik Respublikasının Prezidentinin bu tədbirdə iştirak edəcəyini vurğuladı.
Prezident İlham Əliyev Konqo Prezidentinin COP29 tədbirində iştirak edəcəyindən məmnunluğunu bildirdi.