Rauf Abdullayevdən, Berlin, Almaniya
07 oktyabr 2024, 17:00
Hörmətli cənab Prezident.
Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı kimi göstərdiyiniz diqqət və qayğıya görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Mən forumda iştirak edən, doğma Vətənimiz Azərbaycanın inkişafını düşünərək xalqına və Prezidentinə dəstək verən dünya şöhrətli alimlərimizlə qürur duydum. Bir mühəndis kimi Sizin Azərbaycana, xüsusilə qeyri-neft sektoruna verdiyiniz töhfələr məni fərəhləndirir. Forumda alimlər geniş müzakirələr apararaq ölkəmizə xeyir vermək üçün konkret istiqamətlər müəyyən etdi və praktiki icra ilə bağlı ciddi öhdəliklər götürüldü. Forum iştirakçıları bu etimadı doğrultmaq üçün kifayət qədər güc və əzmlə çalışacaqlarına əminlik ifadə etdilər. Sizin tərəfinizdən alimlərə göstərilən diqqət və qayğı xaricdə yaşayan azərbaycanlı mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilir. Bu qayğı bizim inkişafımız üçün dəstək və stimul verir.
Hörmətli cənab Prezident, Sizin sayənizdə qazandığımız Zəfər və azad olunmuş torpaqlarda təşəbbüsünüzlə yaradılan elmi texnoloji yüksəliş bizim üzərimizə böyük məsuliyyət qoyur. Tədbir zamanı səbirsizliklə gözlədiyim ən duyğusal an müqəddəs məkana – Şuşaya ilk dəfə ayaq basacağım an oldu. İşğaldan azad olunan torpaqlara yaxınlaşdıqca ”Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşa sən azadsan, Şuşa biz səni dirçəldəcəyik” kəlamınızı, bu tarixi anı düşünüb kövrəlməmək olmur. Azad olunmuş ərazilərdəki abadlıq-quruculuq işləri bizi sözün əsl mənasında çox sevindirdi.
Xaricdə yaşayan alimlər adından biz də bu inkişafa hər zaman dəstək göstərməyə, ölkəmizin elmi potensialını daha da yüksəklərə qaldırmaq üçün Sizin yanınızda olmağa, dövlətimizin müqəddəs adını və imicini daha da yüksək səviyyələrə qaldırmaq üçün bütün imkanlarımızı səfərbər etməyə hazır olduğumuzu bildirdik. Sizin elm insanlarına göstərdiyiniz etimad və inamdan irəli gələrək bizə ünvanladığınız məktub xüsusi stimul verdi. Bizim elmi tədqiqatlarımızın nəticələrinin Azərbaycan üçün faydalı olacağına və ölkəmizin dünya elm məkanında öz mövqeyini daha da gücləndirəcəyinə inanırıq. Bu istiqamətdə bizə göstərdiyiniz dəstək və yaratdığınız imkanlar üçün Sizə bir daha səmimi minnətdarlığımı çatdırırıq.
Hörmətli Cənab Prezident, elm və təhsil sahəsinə göstərdiyiniz diqqətə, o cümlədən xaricdə yaşayan həmvətənlərimizə göstərdiyiniz sonsuz qayğıya görə Sizə təşəkkür edirəm. Sizinlə eyni tarixi yaşamaq şərəfdir. Sizi əmin edirik ki, bundan sonrada Sizin etimadınızı bütün gücümüzlə doğruldacağıq və Vətən naminə əlimizdən gələni bundan sonra da etməyə hazırıq.
Hörmətlə,
Abdullayev Rauf,
Berlin Tibb Məktəbi və Berlin Biznes Məktəbinin sistem administratoru.
Almaniya Federativ Respublikası, Berlin şəhəri.