Dinara Abbasovadan, Vyana, Avstriya
05 oktyabr 2024, 14:33
Hörmətli cənab Prezident.
Bu il sentyabrın 9-dan 11-dək Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Bakıda keçirilmiş Forumuna verdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Bu forum Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması, alimlər arasında əməkdaşlığın gücləndirilməsi və ölkəmizə daha çox fayda vermək məqsədilə bilik, bacarıq və təcrübəmizi bölüşmək üçün geniş imkanlar və platforma yaradır. Dünyanın texnoloji inkişafını nəzərə alaraq və Sizin uzaqgörən, məqsədyönlü siyasətinizə dəstək olaraq, biz, xaricdə yaşayan azərbaycanlı alimlər müvafiq ekspert şurasının yaradılmasını və ölkəmiz üçün vacib olan elm, təhsil və biliklərin strateji idarə olunması ilə bağlı inkişaf istiqamətinin işlənilərək dövlət əhəmiyyətli bir layihəyə çevrilməsini məqsədəuyğun hesab edirik.
Azərbaycan alimləri olaraq ölkəmizin gələcək uğurları naminə, hər zaman Vətəninə sədaqətli, dövlətinə sadiq vətəndaş kimi gələcəyin qurucuları sırasında olan kadrların yetişdirilməsində imkanlarımız çərçivəsində əlimizdən gələn qədər töhfə verməyə hazırıq.
Hörmətlə,
Dinara Abbasova, Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin mütəxəssisi, dosent.
Avstriya Respublikası, Vyana şəhəri.