Mehdi Gəncəlidən, İstanbul, Türkiyə
03 oktyabr 2024, 19:00
Hörmətli cənab Prezident!
Bu ilin 9-11 sentyabr tarixlərində paytaxtımızda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda böyük qürur və sevinc hissi ilə iştirak etdim. Tədbir iştirakçılarına ünvanladığınız təbrik mesajını dinləyərkən Sizin rəhbərliyinizdə hökumətimizin Azərbaycan elminin inkişafına göstərdiyi əvəzsiz dəstəyə bir daha əmin oldum. Ona da inandım ki, dünyada yaşayan alimlərimiz torpaqlarını işğaldan azad etmiş Azərbaycan üçün əvvəlkindən daha böyük şövqlə, daha ciddi əməklə çalışacaqlar. Çünki bu forumun suverenliyini bərpa etmiş Azərbaycanda keçirilməsi, Ali Baş Komandan olaraq Sizin qətiyyətiniz sayəsində müzəffər Ordumuzun azad etdiyi Xankəndi və Şuşada da davam etməsi bizə sonsuz bir xoşbəxtlik bəxş etmişdir.
Cənab Prezident!
Siz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı etdiyiniz tarixi çıxışda bildirmişdiniz ki, “Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”. Həqiqətən də, qardaş ölkə Türkiyədə fəaliyyət göstərən bir alim olaraq hər dəfə ölkəmizə gələndə bu reallığı görür və Sizin əminliyinizi bölüşürəm. Xüsusən də bir neçə ildir ADA Universitetinin layihəsi olaraq üzərində çalışdığımız AXC-nin əsas mətbu orqanı olan “Azərbaycan” qəzetindəki materialları bugünkü əlifbamıza çevirərkən eyni hissləri yaşayıram. Bir tərəfdən o dövrdə baş verən və nəticəsi 2020-ci ilə qədər davam edən hadisələrin tarixi köklərini öyrənirik, digər tərəfdən isə müzəffər Ordumuz və Sizin peşəkar diplomatik addımlarınız sayəsində Qarabağ zəfərimizlə qürur hissi keçiririk. Siz yüzillik bir problemi dövlətimizin, millətimizin mənafeyi yönümündən həll etdiniz və buna görə də Azərbaycan tarixində əbədi yaşayacaqsınız.
“Azərbaycan” qəzetindəki bir xəbərdə qeyd edilirdi ki, 1919-cu il iyulun 29-da Baş nazir Nəsib bəy Yusifbəyli Qarabağda səfərdə olarkən Xankəndidə milli ordumuzun hərbi paradını qəbul edib. Bu tarixi hadisə ötən il Zəfər Günü münasibətilə Sizin komandanlığınızda yenə Xankəndidə baş tutdu və bu, qələbəmizin ən böyük təntənələrindən biri idi.
Hörmətli Prezident!
Qardaş Türkiyədə yaşayan alimlər olaraq Sizin Türk Dövlətləri Təşkilatının inkişafındakı rolunuz da bizi çox sevindirir. Bu il təşkilatın yaranmasının 15-ci ildönümü tamam olacaq və bu yolda Azərbaycan Respublikasının oynadığı rol xüsusilə diqqətəlayiqdir.
Siz Qarabağı işğaldan azad etdikdən sonra oranı sürətli şəkildə elm və mədəniyyət ocağına çevirdiniz. Şuşada Qarabağ Universitetində olarkən bir daha əmin olduq ki, Azərbaycan elmi daha da inkişaf edəcək, gələcək nəsillər suveren Azərbaycanda yetişəcəklər.
Sizə elmimizə, təhsilimizə verdiyiniz dəstəyə görə təşəkkür edir, dünyada yaşayan azərbaycanlı alimlərdən biri olaraq Vətənimiz naminə daha əzmlə çalışacağıma söz verirəm.
Hörmətlə,
Mehdi Gəncəli,
Mərmərə Universitetinin dosenti.
Türkiyə Respublikası, İstanbul şəhəri.