Bəxtiyar Siracovdan, Vyana, Avstriya
03 oktyabr 2024, 17:50
Möhtərəm cənab Prezident!
2024-cü ilin sentyabr ayında doğma vətənimizdə baş tutmuş Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu Sizin xeyir-duanızla başladı. Foruma ünvanladığınız təbrik məktubunuz Sizin elmimizə, alimlərimizə verdiyiniz yüksək dəyərin bariz nümunəsi idi.
Forum böyük uğurla keçdi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlərimiz vətənimizdə yaşayıb çalışan dəyərli həmkarları ilə birlikdə ölkəmizdə icra olunan və ya icra olunacaq layihələrə dəstək verməyin yollarını araşdırdılar, çox önəmli mövzuları müzakirə etdilər və çeşidli təkliflər irəli sürməklə hazırlayacağımız strateji planlarımıza əhəmiyyətli töhfələr verdilər.
Cənab Prezident, Müzəffər Ali Baş Komandanımız!
İşğaldan azad olunmuş doğma Qarabağ torpaqları da daxil olmaqla suveren, bütöv Azərbaycanımızın hərtərəfli inkişafı, Sizin müdrik rəhbərliyiniz, uzaqgörən siyasətiniz sayəsində baş verir. Buna görə Sizə çox minnətdarıq.
Alimlərimiz göstərdiyiniz diqqət və qayğıdan ruhlanaraq Azərbaycanımızın daha da çiçəklənməsi, iqtisadi, elmi, mədəni və digər sahələrdə dünya ölkələri içərisində ən yüksək zirvələrdə öz layiqli yerini tutması uğrunda hər zaman əzmlə çalışmış və bundan sonra da çalışacaqlar.
Sizə, ailənizə cansağlığı arzulayır və dövlətimizin rifahı naminə göstərdiyiniz fəaliyyətinizdə böyük uğurlar diləyirik.
Hörmətlə,
Bəxtiyar Siracov,
Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri,
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşı.
Avstriya, Vyana şəhəri.