Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
02 oktyabr 2024, 16:31
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 67 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 avqust tarixli 171 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 7-1–7-3-cü hissələr əlavə edilsin:
“7-1. Sahibkar investisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi məqsədilə Nazirliyə müraciət edə bilər. İnvestisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi ilə bağlı müraciətə Nazirlik tərəfindən 5 iş günü müddətində “Lisenziyalar və icazələr haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxılır. İnvestisiya təşviqi sənədində dəyişiklik edilməsi barədə Nazirlik tərəfindən qəbul edilmiş inzibati akt 2 iş günündən gec olmayaraq sahibkara təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
7-2. Sahibkar investisiya təşviqi sənədi verilmiş layihəsini (o cümlədən təsərrüfat və digər vergitutma obyektlərini, həmin layihə ilə bağlı hüquq və öhdəliklərini) digər sahibkara (bundan sonra − yeni sahibkar) ötürə bilər. Bu məqsədlə investisiya təşviqi sənədini almış sahibkar və yeni sahibkar investisiya təşviqi sənədində dəyişiklik edilməsi üçün aşağıdakı sənədlər də əlavə edilməklə birgə ərizə ilə Nazirliyə müraciət etməlidirlər:
7-2.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1−18.2.4-cü maddələrində nəzərdə tutulan sənədlər (yalnız yeni sahibkara münasibətdə);
7-2.2. investisiya təşviqi sənədinin əsli;
7-2.3. investisiya təşviqi sənədi verilmiş layihənin (o cümlədən təsərrüfat və digər vergitutma obyektlərinin, həmin layihə ilə bağlı hüquq və öhdəliklərin) yeni sahibkara ötürüldüyünü təsdiq edən sənədlərin surəti.
7-3. Nazirlik bu Qaydanın 7-2-ci hissəsində nəzərdə tutulmuş müraciətə 5 iş günü müddətində “Lisenziyalar və icazələr haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar olmadığı, habelə yeni sahibkarın vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəliklərinin mövcud olmadığı halda, investisiya təşviqi sənədi və həmin investisiya təşviqi sənədində dəyişiklik edilməsi barədə qəbul edilmiş inzibati akt yeni sahibkara, bununla bağlı məlumat isə investisiya təşviqi sənədinin ilkin sahibinə 2 iş günündən gec olmayaraq təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.”.
2. 8-ci hissəyə “sənədi” sözündən sonra “və həmin sənəddə bu Qaydanın 7-1-ci və 7-2-ci hissələrində nəzərdə tutulmuş dəyişikliklər” sözləri, “verilməsindən” sözündən sonra “və ya həmin sənəddə dəyişiklik edilməsindən” sözləri əlavə edilsin və həmin hissədə “Qanununun 20-ci maddəsində” sözləri “Qanununda” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2024-cü il