Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında İlham Əliyevin nitqi
23 avqust 2024, 11:33
- Əziz qardaşım, hörmətli Şavkat Miromonoviç, sağ olun. İlk növbədə, dəvətə görə bir daha minnətdarlığımı bildirmək istərdim. Qardaş Özbəkistana yenidən böyük məmnuniyyətlə səfər edirəm. Yeni görüşümüzə şadam.
Siz də qeyd etdiyiniz kimi, məhdud tərkibdə görüşdə münasibətlərimizin geniş gündəliyini artıq nəzərdən keçirdik, əməkdaşlığın yeni istiqamətlərini müəyyən etdik. Əlbəttə, bu gün geniş tərkibdə - Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində qarşılıqlı münasibətlərimizin mühüm məsələlərini müzakirə edəcəyik.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı sözlərinizə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm, həmçinin azad edilmiş ərazilərə bir neçə dəfə səfər etdiyiniz üçün Sizə xüsusi minnətdarlığımı ifadə edirəm. Əlbəttə, azad olunmuş ərazilərin bərpasında köməyə görə Füzuli şəhərinin sakinləri və Azərbaycanın bütün əhalisi adından xüsusi təşəkkürümü bildirirəm. Bu, xarici dövlətin infrastrukturun bərpası üzrə Azərbaycana ilk hədiyyəsi idi. Mirzə Uluqbəyin adını daşıyan məktəb düz bir il əvvəl açılıb. Elə bu gün, avqustun 23-də biz Sizinlə Füzulidə və Şuşada olduq. Orada artıq 500 şagird təhsil alır. Sakinlərin qayıdacağını nəzərə alsaq, onların sayı artacaq.
Ölkələrimiz arasında möhkəm münasibətlər artıq bütün sınaqlardan çıxıb və bu gün ən yüksək səviyyəyə çatıb. Siz də qeyd etdiyiniz kimi bu müttəfiqlik münasibətləridir və bundan yüksəyi yoxdur. Biz buna nisbətən qısa zaman ərzində nail olduq, məhz hər iki tərəfdən siyasi iradə nümayiş etdirdik, həmçinin ölkələrimizi və xalqlarımızı maksimum yaxınlaşdırdıq. Əminəm ki, həm Özbəkistanda, həm də Azərbaycanda ictimaiyyət bizim qazandığımız nailiyyətləri diqqətlə izləyir və bizimlə birlikdə sevinir.
Heydər Əlirza oğlu Əliyevin xatirəsinə göstərilən ehtirama görə təşəkkürümü bildirmək istərdim. İki il əvvəl Daşkəndə səfərim zamanı biz Sizinlə birlikdə onun adını daşıyan parkın və barelyefinin açılışını etdik. Dünən bu məkanı ziyarət edərkən qəlbimdə bir daha Sizə təşəkkür etdim.
Əlbəttə, Özbəkistanın inkişafı ilə bağlı heyranlıq sözlərimi ifadə etmək istəyirəm. Mən həm Xivəyə, həm Səmərqəndə səfər etdim. Uzun illər əvvəl Səmərqənddə olmuşam. Bu yaxınlarda etdiyim səfər bir daha ölkənin inkişafı sahəsində Sizin həyata keçirdiyiniz müdrik siyasətdən xəbər verir. Bu, şəhərin görkəminin necə dəyişməsində, paytaxtın və Özbəkistanın regionlarının simasının gözəlləşməsində özünü göstərir. Beynəlxalq icmanın mühüm üzvünə çevrilən Özbəkistan bu gün təkcə öz regionunda deyil, həm də dünya məkanında geniş nüfuz qazanıb. Əlbəttə, bütün bunların arxasında iqtisadi inkişaf durur. Siz ölkədə iqtisadi münasibətləri tamamilə yenidən qurmağı və bu sahəni, eyni zamanda, bütün digər sahələri modernləşdirməyi bacardınız.
Qardaş Özbəkistanın idmançılarının tarixi qələbəsi ilə bağlı xüsusi təbriklərimi çatdırıram. Biz onların qələbəsinə özümüzünkü kimi sevinirdik. Səkkiz qızıl medal, müsəlman ölkələri arasında birinci yer və bütün ölkələr üzrə 13-cü yer – bu tarixi nailiyyət Sizin idmanın inkişafına göstərdiyiniz böyük diqqətin təzahürüdür.
Bugünkü iclas çərçivəsində biz, əlbəttə, nümayəndə heyətlərimizin üzvlərini də dinləyəcəyik. Siz də qeyd etdiyiniz kimi, iqlim konfransının keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Təbii ki, Sizi səbirsizliklə gözləyirik və həmçinin ikitərəfli formatda işləyirik. Çünki konfransın keçirilməsi mühüm hadisədir. Amma növbəti ildə də böyük iş aparılacaq, biz mahiyyət etibarilə bu prosesə sədrlik edəcəyik. Əlbəttə, bizim regionumuzda da, Mərkəzi Asiya regionunda da iqlimlə bağlı çoxlu məsələlər var və ikitərəfli formatda fəal əməkdaşlıq etməyə hazırıq. Prinsipcə, bu əməkdaşlıq artıq başlayıb.
Beləliklə, dəvətə, diqqətə görə bir daha təşəkkür edirəm və fürsətdən istifadə edərək, Sizi növbəti ildə yenidən Azərbaycana dövlət səfərinə dəvət edirəm. Amma biz hələ noyabrda COP konfransında görüşəcəyik, lakin növbəti ildə Sizi dövlət səfəri ilə gözləyirik. Sağ olun.