“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin kollektivindən, Naxçıvan
17 avqust 2024, 13:00
Hörmətli cənab Prezident.
Sizin 2024-cü il 15 avqust tarixli Fərmanınızla “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti - “Naxçıvan TV” televiziya yayımçısı kimi, "Naxçıvan Radiosu” isə radio yayımçısı kimi audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına daxil edilib. Bu Fərman Sizin rəhbərliyinizlə ölkəmizdə uğurla həyata keçirilən media islahatlarının davamı, Naxçıvan teleradisounun həyatında mütərəqqi hadisə, region mediasının inkişafına göstərdiyiniz yüksək diqqət və qayğınızın təzahürüdür.
Yüz ilə yaxın yaşı olan Naxçıvan teleradiosu çox dəyərli ziyalılar, elm və incəsənət xadimləri yetişdirmiş, bu maarif və mədəniyyət məbədinin inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolu və böyük xidmətləri olmuşdur. Ötən əsrin 90-cı illərində - çətin və böhranlı günlərdə həm Naxçıvanın, həm də Ümummilli Lider Heydər Əliyevin haqq səsini dünyaya çatdıran əsas media qurumu kimi Naxçıvan televiziyası milli məfkurə, dövlətçilik və müstəqillik yolunda mühüm bir missiyanı uğurla yerinə yetirmişdir. Naxçıvan televiziyası bu gün də maarifçilik, milli-mədəni dəyərlərin, tariximizin təbliğində fəal iştirak edir, Sizin rəhbərliyinizlə uğurla reallaşdırılan sosial-iqtisadi islahatlara, böyük quruculuq və qayıdış proqramlarına, ölkəmizin və cəmiyyətimizin inkişafına, vətənpərvərlik hisslərinin yüksəldilməsinə uyğun proqram siyasəti aparır, peyk yayımını həyata keçirməklə daha geniş auditoriyaya nüfuz etməyə hazırlaşır.
Göstərilən yüksək diqqət və qayğıya görə kollektivimizin, bütün Naxçıvan əhalisinin, tamaşaçılarımızın adından minnətdarlığımızı bildirir, daha geniş informasiya məkanında Sizin rəhbərliyinizlə dövlətimizin apardığı uğurlu siyasətin carçısı kimi çıxış edəcəyimizin qürurunu yaşayırıq.
Azərbaycanın Zəfər tarixinin memarı, Müzəffər Ali Baş Komandanımızla fəxr edirik.
Hörmətlə,
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.