Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 3-cü dərəcəli Azərbaycan Respublikası medalının təsviri
16 noyabr 2012, 23:00
1. “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, diametri 50 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
2. Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilmişdir. Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 3 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca gümüşü rəngli minalı fonda “MİQRASİYA ORQANLARINDA QÜSURSUZ QULLUĞA GÖRƏ” sözləri həkk olunmuşdur. Medalın ön tərəfinin səthi nahamardır.
3. İkinci dairənin mərkəzində gümüşü rəngli minalı fonda “III” rəqəmi, onun aşağısında yazılmış “DƏRƏCƏ” sözünün altında qövs boyunca palıd yarpaqları təsvir edilmişdir. Səkkizguşəli ulduz, dairəvi xətlər, palıd yarpaqları, rəqəm və sözlər relyefli olub, gümüşü rəngdədir.
4. Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir. Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Bu kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ” sözləri, həmin sözlər və medalın nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunmuşdur. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, gümüşü rəngdədir.
5. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Qırmızı xara lentin hər iki kənarında eni 1,5 mm zoğalı rəngli, mərkəzində bir-birindən 2 mm aralı məsafədə eni 2,5 mm olan açıq sarı rəngli 3 şaquli zolaq təsvir edilmişdir. Xara lentin üst hissəsinə eni 4 mm olan hamar gümüşü təbəqə bərkidilir. Xara lentin alt hissəsinə eni 7 mm olan hamar gümüşü təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.
6. Medala paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.