“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
16 iyul 2024, 16:46
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16; Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1154-VIQD nömrəli Qanunu) 18.71-ci maddəsində “ekspertizasına aid edilən obyektlər barədə ekspert” sözləri “ekspertizasının” sözü ilə əvəz edilsin.
Maddə 2. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 70 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1169-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.0.22-ci və 1.0.23-cü maddələrdə ismin müvafiq hallarında “qeydiyyat vəsiqəsi” sözləri ismin müvafiq hallarında “vəsiqə” sözü ilə əvəz edilsin;
2.2. 6-2-ci maddə üzrə:
2.2.1. 6-2.2.5-ci maddədə “qeydiyyat vəsiqəsinin” sözləri “vəsiqənin” sözü ilə əvəz edilsin;
2.2.2. 6-2.4-cü maddənin ikinci cümləsində “11 (on bir)” sözləri “14 (on dörd)” sözləri ilə əvəz edilsin;
2.2.3. 6-2.5-ci maddənin ikinci cümləsində “eyni zamanda ərizəçiyə” sözləri “ərizəçiyə eyni zamanda” sözləri ilə əvəz edilsin;
2.2.4. 6-2.11-ci maddənin ikinci cümləsində “2 (iki)” sözləri “5 (beş)” sözləri ilə əvəz edilsin;
2.3. 11.3-cü maddənin ikinci cümləsində “qeydiyyat vəsiqəsinin” sözləri “dövlət qeydiyyatı haqqında vəsiqənin” sözləri ilə əvəz edilsin;
2.4. 16-1.4-cü maddədə “qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin” sözləri “qeydiyyatı haqqında vəsiqənin” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812 (Cild I); 2024, № 4, maddə 365; Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli, 19 aprel tarixli 1135-VIQD nömrəli, 23 aprel tarixli 1142-VIQD nömrəli və 31 may tarixli 1169-VIQD nömrəli qanunları) 29.1-ci maddəsinin ikinci hissəsində “qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin” sözləri “qeydiyyatı haqqında vəsiqənin” sözləri ilə əvəz edilsin.
Maddə 4. “Media haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 90 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1117-VIQD nömrəli və 19 aprel tarixli 1137-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 54.3-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 54.2-ci maddəsində nəzərdə tutulan müddətdə Şuraya təqdim edilmədikdə, Şura tərəfindən bu Qanunun 58.2-ci maddəsində göstərilən tədbirlər görülür.”;
4.2. 55.7-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 55.6-cı maddəsində nəzərdə tutulan müddətdə Şuraya təqdim edilmədikdə, Şura tərəfindən bu Qanunun 58.2-ci maddəsində göstərilən tədbirlər görülür.”;
4.3. 58.1.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 58.1.13-cü maddə əlavə edilsin:
“58.1.13. dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 54.2-ci və 55.6-cı maddələrində nəzərdə tutulan müddətdə Şuraya təqdim edilmədikdə.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyun 2024-cü il