“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
16 iyul 2024, 16:44
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin birinci və ikinci cümlələrində, altıncı hissəsinin ikinci cümləsində, yeddinci hissəsinin birinci və ikinci cümlələrində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 14-1.3-cü, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (hər iki halda) və 14-2.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 14-2.3-cü maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
1.3. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin ikinci cümləsində, altıncı hissəsinin ikinci cümləsində və 14-1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsinin birinci cümləsində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci cümləsində, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (birinci halda) və 14-2.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 14-cü maddəsinin yeddinci hissəsinin birinci və ikinci cümlələrində və 14-1.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. beş ay müddətində:
2.1.1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-2.3-cü maddəsinin birinci cümləsinə uyğun olaraq, elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
2.1.2. aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.1.2.1. həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi qaydasını;
2.1.2.2. həmin Qanunun 14-cü maddəsinin altıncı hissəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydalarını;
2.1.2.3. həmin Qanunun 14-1.3-cü maddəsinə uyğun olaraq, elektron xidmətlərin təşkili və göstərilməsi qaydalarını;
2.2. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
4. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 390 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bənddə “20-1.3-cü maddəsində” sözləri “14-cü maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin birinci və ikinci cümlələrində, altıncı hissəsinin ikinci cümləsində, yeddinci hissəsinin birinci və ikinci cümlələrində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 14-1.3-cü, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (hər iki halda), 14-2.4-cü, 20-1.3-cü maddələrində” sözləri ilə əvəz edilsin;
4.2. 2.1-1-ci bəndə “abzasında,” sözündən sonra “14-2.3-cü maddəsinin birinci cümləsində (ikinci halda),” sözləri əlavə edilsin;
4.3. aşağıdakı məzmunda 2.1-2-ci bənd əlavə edilsin:
“2.1-2. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin ikinci cümləsində, altıncı hissəsinin ikinci cümləsində və 14-1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
4.4. 2.2-ci bənddə “, 13-1.3-cü maddəsində və 14-cü maddəsinin üçüncü hissəsində” sözləri “və 13-1.3-cü maddəsində” sözləri ilə əvəz edilsin;
4.5. 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4-cü və 2.5-ci bəndlər əlavə edilsin:
“2.4. həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsinin birinci cümləsində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci cümləsində, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (birinci halda) və 14-2.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
2.5. həmin Qanunun 14-cü maddəsinin yeddinci hissəsinin birinci və ikinci cümlələrində və 14-1.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2024-cü il