“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
29 iyun 2024, 15:23
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137; Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli və 19 aprel tarixli 1133-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 9-cu maddə üzrə:
1.1.1. 9.5-ci maddənin birinci abzasına “hərbi qulluqçu kimi” sözlərindən əvvəl “hərbi xidmətdən buraxıldığı gündən” sözləri əlavə edilsin;
1.1.2. 9.5.2-ci maddəyə “buraxılmış,” sözündən sonra “buraxıldığı günə” sözləri əlavə edilsin;
1.1.3. 9.6-cı maddənin ikinci cümləsinə “qəbul edilmiş” sözlərindən sonra “və buraxılmış” sözləri əlavə edilsin;
1.2. 20-ci maddə üzrə:
1.2.1. 20.2-ci maddədə “Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının” sözləri “əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;
1.2.2. 20.3-cü maddədə “Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının” sözləri “müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;
1.2.3. 20.6-cı maddədə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün əməkhaqqının” sözləri “əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;
1.2.4. 20.9-cu maddədə “fəaliyyətdə olan müvəkkil (ombudsman) üçün müəyyən edilmiş əməkhaqqının” sözləri “əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;
1.2.5. 20.10-cu maddə aşağıdakı redaksiyada verilsin:
“20.10. Bu Qanunun 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanarkən həmin şəxslərin orta aylıq əməkhaqları onların son 12 ay ərzində müvafiq vəzifələr üzrə aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilir.”;
1.2.6. 20.14.2-ci maddəyə “30 təqvim ili” sözlərindən əvvəl “buraxıldığı günə” sözləri əlavə edilsin;
1.2.7. 20.16.2-ci maddədə (birinci halda) “60” rəqəmləri “70” rəqəmləri ilə əvəz edilsin;
1.2.8. 20.21-ci maddədə “Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətdə olan üzvünün əmək haqqının” sözləri “əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;
1.2.9. 20.22-ci maddədə “müvafiq olaraq Hesablama Palatasının sədrinin, sədrin müavininin və ya auditorunun əmək haqqının” sözləri “müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;
1.2.10. 20.25-ci maddə ləğv edilsin;
1.3. 22-1.5-ci maddəyə “təyin edilmiş” sözlərindən sonra “aylıq” sözü, “tətbiq edilərək” sözlərindən sonra “eyni növ” sözləri əlavə edilsin;
1.4. 31.1-1-ci maddəyə “yenidən hesablanması” sözlərindən sonra “, eləcə də bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada bir növdən digər növə keçirilməsi” sözləri əlavə edilsin;
1.5. 34-cü maddə üzrə:
1.5.1. aşağıdakı məzmunda 34.1-1-ci maddə əlavə edilsin:
“34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir.”;
1.5.2. 34.2-ci maddəyə “keçirilmə” sözündən sonra “bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya” sözləri əlavə edilsin.
Maddə 2. Keçid müddəa
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrində nəzərdə tutulmuş şəxslər həmin maddələrdə nəzərdə tutulmuş sığorta stajını bu Qanunun qüvvəyə mindiyi tarixədək topladığı halda həmin şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il iyulun 1-dək qüvvədə olan normaları tətbiq edilir.
Maddə 3. Bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2024-cü il