Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
28 iyun 2024, 17:27
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 may tarixli 56 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in icrasını və iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiya Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında iqtisadi əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Albaniya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyun 2024-cü il