İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib
27 iyun 2024, 10:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı qəbul edib.
Dövlətimizin başçısı Asiya İnkişaf Bankının prezidentinin regionlarımıza səfər etməsini ölkəmizdə gedən inkişaf prosesləri haqqında daha çox məlumatın əldə olunması və Azərbaycanın bu Bankla sıx əməkdaşlıq əlaqələrinin davam etdirilməsi üçün yaxşı imkan yaratdığını dedi.
Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının həm ölkəmiz, həm də regional əməkdaşlıq üçün önəm daşıyan sahələrinin inkişafına Bankın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı xüsusilə Azərbaycan təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə institutları tərəfindən bəzi maliyyə gecikmələrinin olduğu zaman bu məsələdə Asiya İnkişaf Bankının birmənalı dəstəyini yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti bununla bağlı xatırladı ki, əvvəllər də dediyi kimi, ölkəmiz Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyiblər, lakin Asiya İnkişaf Bankı bunu edib.
Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz inkişaf etdikcə Xəzəryanı qonşu ölkələrlə və digər regionlarla güclü iqtisadi bağlantının yaradılması ilə əlaqədar qarşımızda yeni məqsədlər və çağırışlar durur. Dövlətimizin başçısı bu baxımdan Asiya İnkişaf Bankı ilə mövcud səmərəli əməkdaşlığın davam etdirilməsi məqsədilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Masatsuqu Asakava Azərbaycanla Asiya İnkişaf Bankı arasında tərəfdaşlığın 25-ci ildönümündə dövlətimizin başçısı ilə şəxsən görüşməkdən məmnunluğunu ifadə etdi.
Qonaq 2020-ci ildə COVID-19 pandemiyası dövründə videokonfrans formatında görüşü də məmnunluqla xatırladı.
O, dövlətimizin başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək gələcəkdə də Azərbaycanın qarşısında duran strateji prioritetlərin reallaşması istiqamətində Asiya İnkişaf Bankı ilə ölkəmiz arasında əməkdaşlığın uğurla davam edəcəyinə ümidvarlığını bildirdi.
Söhbət zamanı yaşıl enerjinin istehsalı və ixracı məsələlərinə toxunuldu.
Dövlətimizin başçısı Azərbaycanda yaşıl enerji zonalarının yaradılması, o cümlədən işğaldan azad olunmuş ərazilərdə hidroelektrik stansiyaların tikilməsinin əhəmiyyətini qeyd etdi, həmin ərazilərimizdə artıq 270 meqavata qədər hidroenerji potensialının yaradıldığını bildirdi və bunun 500 meqavata qədər artırılması imkanlarının müzakirə edildiyini dedi.
Söhbət zamanı Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı əməkdaşlıq məsələlərinə toxunuldu, Mərkəzi Asiya dövlətlərinin nəqliyyat sahəsində Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.