Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
24 iyun 2024, 14:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə ərazisində yaradılan əlavə dəyərin həcminin davamlı artırılması, yerli emal müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması və emal prosesinin dərinləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının (sınma, kəsilmə, dağılma və ya digər səbəblər nəticəsində təyin edilmiş məqsədlər üçün istifadəyə tamamilə yararsız olan metal məmulatları daxil olmaqla) ixracına tətbiq olunan gömrük rüsumlarının artırılmasını və (və ya) müəyyən edilməsini üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan ixrac gömrük rüsumlarının ödənilməsindən yayınmanın qarşısının alınması üçün metal qırıntı və tullantılarının emalı nəticəsində əldə olunan məmulatlar üzrə ixrac gömrük rüsumlarının müəyyən edilməsini və (və ya) mövcud ixrac gömrük rüsumlarının optimallaşdırılmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi metallurgiya sənayesi müəssisələrinin qara və əlvan metal qırıntı və tullantı xammalına olan ehtiyacının ödənilməsi ilə bağlı, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görülməsinə zərurət yarandığı təqdirdə, təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 227 (Cild I) ləğv edilsin.
5. Bu Fərmanın 4-cü hissəsi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının ixracına gömrük rüsumlarının artırılması və (və ya) müəyyən olunması barədə normativ hüquqi akt qüvvəyə mindikdən 60 (altmış) gün sonra qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2024-cü il