Qabil Nurəliyevdən, Şəki, Azərbaycan
10 iyun 2024, 13:50
Möhtərəm cənab Prezident.
Müstəqil Azərbaycan təhsilinin inkişafı Sizin və Mehriban xanımın adı ilə bağlıdır. Təhsilimizin hərtərəfli inkişafında Sizin qayğınızın, Heydər Əliyev Fondunun, şəxsən Mehriban Əliyevanın əməyi danılmazdır. Son dövrlərdə Azərbaycanımızın bütün şəhər və kəndlərində yeni məktəb binaları tikilir, müasir avadanlıqlarla təmin edilir. Yeni məktəb binalarının tikilməsi, məktəblərdə yeni texnologiyalara uyğun avadanlıqların, kompüter sistemlərinin quraşdırılması, ilk növbədə, savadlı nəslin yetişməsinə gətirib çıxarır.
Yeni tikiləcək məktəblərdən biri də Şəki şəhər 18 nömrəli tam orta məktəbdir. Məktəbimizin 100-dən çox yaşı var. Məktəbin müəllim, valideyn və şagirdlərinin Sizə və Mehriban xanıma olan müraciəti nəticəsində hamımızın böyük istək və arzusu reallaşır - yeni məktəbin tikintisinə başlanılır.
Təhsilə olan dövlət qayğısı ölkəmizin xoşbəxt gələcəyinə hesablanıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Bu diqqət və qayğıya görə Sizə və Mehriban xanıma təşəkkür edir, yeni və daha böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Nurəliyev Qabil
Azərbaycan Respublikası, Şəki şəhəri.