Vətən müharibəsi iştirakçısından, Astara, Azərbaycan
06 iyun 2024, 13:45
Çox hörmətli cənab Prezident!
Mən, 44 günlük Vətən müharibəsinin ilk günündən könüllü olaraq Silahlı Qüvvələrimizin tərkibinə qatılıb 27 il işğalda olan tarixi torpaqlarımızın erməni quldurlarından azad edilməsi əməliyyatlarına qoşulmuşam. Döyüş yolum Füzulinin, Xocavəndin, Qubadlının və Zəngilanın azad edilməsindən keçib. Sizin tərəfinizdən, sözügedən ərazilərimizin azad edilməsinə və "Şücaətə görə” medalları ilə təltif edilmişəm. Fürsətdən istifadə edib, Allahdan Vətən yolunda şəhid olmuş əsgər və zabitlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.
Hörmətli cənab Prezident!
Sön illər ölkəmizin iqtisadi inkişafında əldə edilən uğurlarımızın memarı kimi Sizin əməyinizi qeyd etməmək mümkün deyil. Xüsusilə regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində şəhər və rayonlarımızın abadlaşdırılmasını və müasir standartlara cavab verən yeni magistral yolların salınmasını buna misal göstərmək olar. Məlum məsələdir ki, yol, ilk növbədə, iqtisadi inkişaf, turizm və mədəniyyət deməkdir. Məhz bu baxımdan Sizin təşəbbüsünüz və ayırdığınız vəsait hesabına ölkəmizin cənnət guşələrindən hesab olunan cənub regionuna gedən yeni magistral yolların inşası burada yaşayan əhalinin həyat səviyyəsinə müsbət təsir etdiyi kimi, buradan keçən beynəlxalq yükdaşımaların da həcmini əsaslı şəkildə artırıb. Onu da qeyd etməliyəm ki, ölkəmizin cənub rayonlarını birləşdirən Astara-Ələt-Bakı magistral yolunun əsaslı təmiri bu bölgədə yaşayan əhalinin böyük sevincinə səbəb olub. Sözügedən magistral yolun Astara rayonu Pensər kəndi ərazisindən keçən hissəsi də müasir standartlara cavab verən səviyyədə inşa olunub.
Hörmətli cənab Prezident!
Mən rayonumuzun abdlaşdırılması, inkişafı və magistral yolların yenidən qurulması istiqamətində həyata keçirilən müasir layihələrə görə yerli sakinlər adından, ilk növbədə, Sizə öz səmimi təşəkkürümü bildirirəm. Sizə möhkəm cansağlığı, xalqımızın rifahı, dövlətimizin inkişafı üçün həyata keçiriləcək gələcək layihələrdə böyük uğurlar diləyirəm. Allah hər zaman yardımçınız olsun!
Hörmətlə,
Məmmədov Ümüdvar,
Ehtiyatda olan baş leytenant, Vətən müharibəsi iştirakçısı.
Azərbaycan Respublikası, Astara rayonu, Pensər kəndi.