İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar
28 may 2024, 13:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov görülən işlər barədə məlumat verdilər.
Bildirildi ki, Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 180 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.
Sonra dövlətimizin başçısı və birinci xanım kompleksdə yaradılan şəraitlə tanış oldular.