Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən
27 may 2024, 19:03
Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
Əziz Qardaşım.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Sizin kimi müdrik, vətənpərvər və fədakar liderin, görkəmli siyasətçi və dövlət xadiminin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmuş, tarixi ədalət bərqərar edilmişdir.
Ölkənizdə həyata keçirilən genişmiqyaslı daxili və xarici siyasət, iqtisadi və sosial islahatlar bu gün öz bəhrəsini verir, Azərbaycanın beynəlxalq aləmdə etibarı və nüfuzu durmadan yüksəlir.
Xüsusilə vurğulamaq istərdim ki, biz Azərbaycan və Özbəkistan arasında yaranmış, qardaş xalqlarımızın ümumi məqsəd və istəklərinə tam uyğun gələn sıx əlaqələri xüsusi qiymətləndiririk.
Sizinlə fəallaşan açıq və səmərəli dialoqlarımız, eləcə də danışıqlarımız zamanı əldə edilmiş mühüm sazişlər və irimiqyaslı layihələr, təsdiq edilmiş “yol xəritələri”nın tam həyata keçirilməsi, şübhəsiz ki, strateji tərəfdaşlığımızı tamamilə yeni səviyyəyə qaldıracaqdır.
Hörmətli İlham Heydər oğlu, əminəm ki, yaxın gələcəkdə çoxtərəfli formatlar çərçivəsində bənzərsiz Azərbaycan torpağına yüksək səviyyəli səfərlərimiz hərtərəfli tərəfdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcəkdir.
Daha əvvəl Sizinlə razılaşdığımız kimi, kimya, neft-qaz, mədənçilik, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələri daxil olmaqla 10 yeni istiqamətdə tərəfdaşlığın gücləndirilməsinə yönələn böyük planlarımızın tam şəkildə reallaşacağına əminəm.
Bizim möhkəm siyasi iradəmiz və birgə səylərimiz sayəsində qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi inkişafı naminə bundan sonra da davamlı şəkildə inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, ailə səadəti, Vətəninizin inkişafı naminə fəaliyyətinizdə böyük müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram.
Səmimi ehtiramla,
Şavkat Mirziyoyev
Özbəkistan Respublikasının Prezidenti