Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Hortadan
26 may 2024, 14:40
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
28 May – Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.
Bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında mühüm mərhələni təcəssüm etdirməklə yanaşı, Azərbaycan xalqının müstəqil, demokratik və dünyəvi dövlət qurmaq uğrunda əzmkar mübarizəsinin rəmzidir.
Bu bayram günündə illər boyu Azərbaycanda rəhbər tutulan azadlıq, demokratiya və öz müqəddəratını təyinetmə kimi ali dəyərləri böyük iftixar hissi ilə alqışlayıram. Bu günün qeyd edilməsi milli kimliyin, suverenliyə olan sadiqliyin bir daha təsdiqlənməsi və bütün Azərbaycan vətəndaşları arasında birlik bağlarının möhkəmləndirilməsi üçün bir imkandır.
Azərbaycan Respublikası ilə Timor-Leste Demokratik Respublikası arasında diplomatik əlaqələrin 20-ci ildönümünü qeyd etdiyimiz bu ildə ölkələrimiz arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərini daha da dərinləşdirə və genişləndirə biləcəyimizə ümidvar olduğumu vurğulayıram.
Əminəm ki, xalqlarımızın rifahı və ölkələrimizin davamlı inkişafı naminə Timor-Lestenin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) tamhüquqlu üzvlük prosesinə aid imkanları araşdırmağa davam edə, habelə ölkəmizin bu yaxınlarda Ümumdünya Ticarət Təşkilatına
166-cı üzv dövlət kimi qəbul olunmasından birlikdə faydalana bilərik.
Qoy, Azərbaycanın Müstəqillik Günü sevinc və qürur hissi ilə qeyd olunsun! Azərbaycan Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə inkişafını davam etdirsin!
Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımı bildirərək, Zati-alinizə möhkəm cansağlığı, yeni-yeni uğurlar və rifah arzulayıram.
Hörmətlə,
Jose Ramos Horta
Timor-Leste Demokratik Respublikasının Prezidenti