İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun mətbuat üçün bəyanatları
23 may 2024, 13:04
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli Emoməli Şaripoviç.
Əziz dostlar.
Əziz qonağımız, Azərbaycanın böyük dostu, qardaş Tacikistanın Prezidenti Emoməli Şaripoviç Rəhmonu qəbul etmək bizim üçün böyük şərəfdir.
Bu gün nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektrini müzakirə etdik, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verdik.
İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək, biz bir daha bütün məsələləri nəzərdən keçirəcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik. Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər.
Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.
Biz indicə münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.
Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi. Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək.
Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir. Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir.
Bu gün biz sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı müzakirə etdik və əminəm ki, haqqında danışdığımız məsələlər, hökumət üzvlərinə verilən tapşırıqlar ən qısa zamanda icra olunacaq. Nəqliyyat sektoru da diqqət mərkəzimizdə olub. Biz Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik. Mən həmkarıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.
Bu gün, həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik. Başqa sözlə, hətta ölkələrimizin nümayəndə heyətlərinin tərkibi də geniş gündəmdən xəbər verir. Amma, əlbəttə, əsas olan münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri, təbii ki, dövlət başçılarının şəxsi təmaslarıdır. Keçən il mən Tacikistanda iki dəfə - həm dövlət səfərində oldum, həm də Emoməli Şaripoviç məni Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdi. Həmçinin ötən il biz BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA-nın Sammitini keçirdik və Emoməli Şaripoviç ölkəmizə səfər etdi. Yəni, bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir.
Hörmətli Emoməli Şaripoviç, bir daha Sizi səmimiyyətlə salamlayıram. Dəvətimi qəbul etdiyinizə və dövlət səfərinə gəldiyinizə görə təşəkkür edirəm. Qardaş Tacikistanın xalqına Sizin rəhbərliyinizlə yeni qələbələr arzulayıram. Təxminən 20 il ərzində Tacikistana səfər edən bir şəxs kimi hər dəfə irimiqyaslı dəyişikliklərin, iqtisadi, sosial inkişafın, şəhərsalma sahəsində uğurların şahidi oluram. Hər dəfə Düşənbədə olarkən şəhərin necə gözəlləşdiyini, onun sakinlər və qonaqlar üçün rahat olduğunu görürəm. Buna görə də bir daha bütün nailiyyətlər münasibətilə təbrik edirəm. Sizə və qardaş tacik xalqına yeni uğurlar arzulayıram.
x x x
Prezident Emoməli Rəhmonun bəyanatı
-Sağ olun, hörmətli İlham Heydər oğlu.
Hörmətli media nümayəndələri.
Xanımlar və cənablar.
İlk növbədə, ənənəvi qonaqpərvərliyə, yüksək diqqətə və səmimi qəbula görə Azərbaycan Respublikasının Prezidenti, əziz dostum və qardaşım İlham Heydər oğlu Əliyevə və qardaş Azərbaycan xalqına ürəkdən təşəkkür etmək istəyirəm.
Bu gün regionun ən böyük sənaye, iqtisadi və elmi-texniki mərkəzlərindən biri olan qədim tarixə malik gözəl Bakı şəhərini növbəti dəfə ziyarət etdiyimə görə çox şadam. Azərbaycan paytaxtının təkrarolunmaz siması ölkənin dinamik sosial-iqtisadi inkişafının və Azərbaycan xalqının rifahının davamlı olaraq yüksəlməsinin təcəssümüdür.
Bugünkü görüşlərimiz Tacikistan-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xas konstruktiv və etimad mühitində keçdi. Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlərin bütün kompleksini ətraflı müzakirə etdik. Bu münasibətlərin uzunmüddətli inkişafının təməlini əhəmiyyətli dərəcədə gücləndirən bir sıra vacib razılaşmalar əldə etdik.
Hörmətli İlham Heydər oğlu qeyd etdiyi kimi, bu gün biz dövlətlərarası münasibətlərimizin səviyyəsini strateji tərəfdaşlığa yüksəldən tarixi qərar qəbul etmişik. Bu qərar şübhəsiz ki, əməkdaşlığımızın tarixində yeni səhifə açır. Öz növbəmdə müntəzəm siyasi dialoqun bütün səviyyələrdə aparılmasının vacibliyini vurğulamaq istərdim.
Tacikistanda Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına şəxsi töhfəsi yüksək qiymətləndirilir. Danışıqlar zamanı Azərbaycan Prezidentinin Tacikistana ötənilki dövlət səfəri zamanı əldə edilmiş razılaşmaların əməli surətdə həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirildi. İqtisadi-ticari sahədə əməkdaşlığımızın inkişafı diqqət mərkəzində saxlanıldı. Ölkələrimizin hökumətlərinə 2025-ci ilədək hökumətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planının tam icrasına ciddi nəzarət etmək tapşırıldı. İqtisadi-ticari əməkdaşlıq məsələləri üzrə Birgə hökumətlərarası komissiyanın daha səmərəli işləməsi məqsədilə biz onu həmsədrlər səviyyəsindən Baş nazirlərin müavinləri səviyyəsinə qaldırmağı təklif etdik.
Həmçinin parlamentlərarası dialoqun inkişafına dair fikir mübadiləsi aparıldı.
Danışıqlar zamanı bir daha Azərbaycan şirkətlərinin və maliyyə qurumlarının Tacikistanda layihə və proqramların həyata keçirilməsində iştirak imkanlarını prioritet qaydada nəzərdən keçirməyə hazır olduğumuzu bildirdik. Bakıda səfərimiz çərçivəsində keçirilən biznes-forum tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərdi. Ümidvaram ki, onun nəticələri bu gün imzalanmış ikitərəfli sənədlərlə yanaşı, bu istiqamətdəki əməkdaşlığımıza da təkan verəcək. Qeyd etmək lazımdır ki, forum çərçivəsində imzalanmış kommersiya müqavilələrinin və sazişlərin ümumi məbləği bütövlükdə 700 milyon ABŞ dollarından çox olub. Müvafiq nazirliklərə və idarələrə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə qarşılıqlı tədarük olunan malların nomenklaturasının genişləndirilməsinə yeni yanaşmaların hazırlanması üçün konkret tapşırıqlar verildi.
Danışıqlar zamanı biz aqrar sahəyə də xüsusi diqqət yetirdik. Biz turizm sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin imzalanmasını alqışladıq. Bununla bağlı müvafiq qurumlara paytaxtlarımız arasında birbaşa aviareyslərin bərpası üçün tədbirlərin görülməsi tapşırıldı.
Nəqliyyat və kommunikasiya sahələrinə xüsusi diqqət yetirildi. Tacikistanın dövlət və kommersiya strukturlarının Azərbaycan ərazisindən yük daşımalarının həcminin artması tendensiyasını məmnunluqla qeyd etdik. Tacikistanın yük daşıyıcılarına məqbul tranzit tarifləri təqdim etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirdik.
Danışıqlarımızda mədəni-humanitar əməkdaşlıq məsələsi də mühüm yer tutdu. Bu baxımdan, təhsil sahəsində əməkdaşlığın inkişafına diqqət yetirildi. İki ölkənin universitetlərində təhsil almaq üçün qarşılıqlı olaraq ayrılan kvotaların sayını artırmaq barədə razılığa gəldik. Səfər çərçivəsində keçirilən mədəni tədbirlər ölkələrimizin vətəndaşlarının bir-birimizin mədəni nailiyyətləri ilə tanış olmaq marağını və istəyini bir daha sübuta yetirdi. Biz dostlarımıza təklif etdik ki, gələn il Tacikistanda Azərbaycan Mədəniyyət Günlərini keçirək və bu tədbir çərçivəsində Tacikistan və Azərbaycan xalqları arasında Dostluq festivalı təşkil edək.
Danışıqlar zamanı təhlükəsizliklə bağlı risklər və təhdidlər müzakirə edildi. Öz növbəmdə onu qeyd etmək istərdim ki, beynəlxalq aləmdə mövcud vəziyyət mürəkkəb və gərgin olaraq qalmaqdadır. Fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk. Bu baxımdan, terrorizmə və ekstremizmə, radikalizmin təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə mühüm yer ayırırıq. Bu xətt üzrə xüsusi xidmət orqanlarının və ixtisaslaşdırılmış digər idarələrin fəaliyyətinin əlaqələndirilməsinin gücləndirilməsini zəruri hesab edirik.
Beynəlxalq və regional təşkilatlar çərçivəsində ölkələrimizin təşəbbüslərinin qarşılıqlı şəkildə dəstəklənməsi təcrübəsinin davam etdirilməsinin tərəfdarı olduğumuzu bildirdik. Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sessiyasını (COP29) keçirməsi ilə bağlı qərarını alqışlayırıq.
Vurğulamaq istərdim ki, biz Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq.
Sonda hörmətli İlham Heydər oğlu, səmimi qəbula və qardaşcasına qonaqpərvərliyə görə Sizə və qardaş Azərbaycan xalqına bir daha səmimi-qəlbdən təşəkkürümü bildirmək istəyirəm.
Onu da demək istərdim ki, mən konstruktiv dialoqumuzu davam etdirmək məqsədilə əziz dostum və qardaşım İlham Heydər oğlu Əliyevi böyük məmnuniyyətlə Tacikistana səfərə dəvət etmişəm.
Çox sağ olun. Diqqətinizə görə təşəkkür edirəm.