“Azərbaycan Respublikası fəxri adının vəsiqəsi nümunəsinin və Azərbaycan Respublikası fəxri adlarının döş nişanları təsvirinin və eskizlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 9 iyun tarixli 879 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
13 noyabr 2012, 20:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası fəxri adının vəsiqəsi nümunəsinin və Azərbaycan Respublikası fəxri adlarının döş nişanları təsvirinin və eskizlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 9 iyun tarixli 879 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 285; 2004, № 3, maddə 137; 2005, № 8, maddə 705; 2006, № 2, maddə 81; 2010, № 5, maddə 388, № 9, maddə 777) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissənin on doqquzuncu abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda iyirminci abzas əlavə edilsin:
“Əməkdar tibb işçisi” fəxri adının döş nişanı və vəsiqəsi - 300 ədəd.”;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası fəxri adlarının döş nişanlarının təsviri”nin birinci - dördüncü hissələri aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının fəxri adlarının (“Əməkdar pilot” fəxri adı istisna olmaqla) döş nişanları hər hissəsi iki guşəli olmaqla, səkkiz hissədən ibarətdir. Döş nişanlarının diametri 40 mm, qalınlığı 3 mm-dir.
“Xalq yazıçısı”, “Xalq şairi”, “Xalq artisti”, “Xalq rəssamı”, “Əməkdar elm xadimi”, “Əməkdar incəsənət xadimi” fəxri adlarının döş nişanları, üstü qırmızı minalı olmaqla, qızıl suyuna çəkilmiş bürüncdən, “Əməkdar artist”, “Əməkdar rəssam”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar müəllim”, “Əməkdar həkim”, “Əməkdar memar”, “Əməkdar dövlət qulluqçusu”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Əməkdar jurnalist”, “Əməkdar mühəndis”, “Əməkdar hüquqşünas”, “Əməkdar kənd təsərrüfatı işçisi”, “Əməkdar tibb işçisi” fəxri adlarının döş nişanları, üstü göy minalı olmaqla, gümüş suyuna çəkilmiş bürüncdən hazırlanır.
“Əməkdar pilot” fəxri adı istisna olmaqla, fəxri adların döş nişanlarının üz tərəfinin mərkəzində, növünə müvafiq olaraq, qızılı və ya gümüşü rəngdə, diametri 14 mm olan relyefli metal dairənin üzərində səkkizgüşəli ulduz və mərkəzdən kənara doğru alov dilləri təsvir olunmuşdur. Təsvirlər qabarıqdır.
Döş nişanlarının arxa tərəfi hamardır, ortasında relyefli metal dairənin üstündə müvafiq fəxri ad həkk olunmuşdur. Döş nişanı paltarın yaxasına bərkidilmək üçün elementi olan, aşağıya doğru müəyyən bucaq altında kəsilən 37 mm x 50 mm ölçülü xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Qızıl suyuna çəkilmiş döş nişanları üçün göy xara lentin üzərində 6 mm enində dörd qırmızı şaquli zolaq, gümüş suyuna çəkilmiş döş nişanları üçün göy xara lentin sağ və sol kənarlarında 2 mm enində üç qırmızı şaquli zolaq çəkilmişdir. Xara lentin üst hissəsinə 4 mm enində qızılı və ya gümüşü rəngli təbəqə bərkidilir.”;
1.3. həmin Fərmanla təsdiq edilmiş “Xalq yazıçısı”, “Xalq şairi”, “Xalq artisti”, “Xalq rəssamı”, “Əməkdar elm xadimi”, “Əməkdar incəsənət xadimi”, “Əməkdar artist”, “Əməkdar rəssam”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar müəllim”, “Əməkdar həkim”, “Əməkdar memar”, “Əməkdar dövlət qulluqçusu”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Əməkdar jurnalist”, “Əməkdar mühəndis”, “Əməkdar hüquqşünas” fəxri adlarının döş nişanlarının eskizləri ləğv edilsin;
1.4. “Xalq yazıçısı”, “Xalq şairi”, “Xalq artisti”, “Xalq rəssamı”, “Əməkdar elm xadimi”, “Əməkdar incəsənət xadimi”, “Əməkdar artist”, “Əməkdar rəssam”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar müəllim”, “Əməkdar həkim”, “Əməkdar memar”, “Əməkdar dövlət qulluqçusu”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Əməkdar jurnalist”, “Əməkdar mühəndis”, “Əməkdar hüquqşünas” fəxri adlarının döş nişanlarının yeni eskizləri, “Əməkdar kənd təsərrüfatı işçisi” və “Əməkdar tibb işçisi” fəxri adlarının döş nişanlarının eskizləri həmin Fərmana əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində:
2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 noyabr 2012-ci il.