Xalq rəssamlarından, Bakı, Azərbaycan
14 may 2024, 10:43
Zati-aliləri.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıdılması istiqamətində müdrik siyasətini daim davam və inkişaf etdirərək, ədəbiyyat və incəsənət xadimlərinə hədsiz diqqət və qayğı göstərirsiniz.
Məhz Sizin və birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun himayəsi altında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, öz yaradıcılığında humanizmi tərənnüm, gözəlliyi vəsf edən azərbaycanlı şairə Xurşidbanu Natəvanın abidəsi 2017-ci ildə Fransanın Evian Lö-Bən şəhərində ucaldıldı. Lakin 2023-cü ilin sonunda bu abidəyə qarşı Fransadakı radikal qüvvələrin azərbaycanofob mövqeyini bütün dünyaya göstərən vandallıq hərəkətlərinə yol verildi. Bu hadisə 2023-cü il sentyabrın 19-da Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə rəşadətli Ordumuzun sivil müharibə qanunlarına dəqiq əməl olunmaqla həyata keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə dövlət suverenliyimizin tam bərpasından sonra baş vermişdir. Görünür, Qarabağdakı şər yuvasının varlığına son qoyulması, separatizmin kökünün kəsilməsi Fransadakı radikal erməni icmasının təsiri altında olan seçilmiş nümayəndələr tərəfindən həzm edilmir.
2024-cü il martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışınız zamanı həmin abidə üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirməklə söylədiyiniz kimi: "Bu, suverenliyimizi bərpa etdikdən sonra üzləşdiklərimizin bir nümunəsidir. Bu, ikili standartların göstəricisidir”.
Cənab Prezident, Sizin yüksək diqqətinizi çəkmiş Xurşidbanu Natəvanın abidəsinin Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin ərazisinə gətirilməsi, bərpa olunması, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə yenidən açılışı təqdirəlayiq hadisə kimi bütün mədəni ictimaiyyəti və biz müəllifləri ürəkdən sevindirir.
Sizə və ölkəmizin birinci xanımı, mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevaya sonsuz təşəkkürümüzü bildirir, minnətdarlığımızı qəbul etməyinizi xahiş edirik.
Dərin hörmət və ehtiramla,
Xalq rəssamları – Salxab Məmmədov və Əli İbadullayev.
Azərbaycan Respublikası, Bakı şəhəri.