İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
07 may 2024, 12:05
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Bu, Sizin birinci səfərinizdir, əminəm ki, səfər çox uğurlu keçəcək.
Biz indi təkbətək görüşdə bir çox önəmli məsələləri müzakirə etdik. Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi apardıq və biz bir fikirdə həmrəyik ki, bu əlaqələrin çox gözəl gələcəyi var. Həm siyasi, həm iqtisadi, enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir.
Mən hesab edirəm ki, Sizin səfəriniz əlaqələrimizin yeni səhifəsini açacaq. Çünki bu gün müzakirə edilən məsələlərin əhatə dairəsi o qədər genişdir ki, bu məsələlərin həlli bizim münasibətlərimizi çox yüksək səviyyəyə qaldıracaqdır.
Eyni zamanda, bu gün bundan bir qədər sonra biz Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayacağıq. Bu da çox ciddi siyasi sənəddir, faktiki olaraq münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Sənədin özü və onun məzmunu təbii ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan hörməti, qarşılıqlı dəstəyi göstərir.
İndi biz nümayəndə heyətlərinin iştirakı ilə müzakirələrimizi davam etdirəcəyik. Əminəm ki, əldə ediləcək razılaşmalar vaxtlı-vaxtında icra olunacaq və beləliklə, bizim əməkdaşlığımız daha sürətlə inkişaf edəcək.
Bir daha xoş gəlmisiniz.
x x x
Slovakiyanın Baş naziri Robert Fitso dedi:
- Hörmətli Prezident.
Hörmətli qonaqlar və dostlar.
Bizi qəbul etdiyiniz üçün və ölkənizə xas ənənəvi qonaqpərvərliyinizə görə bütün Slovakiya nümayəndə heyəti adından Sizə minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident, bu yaxşı haldır ki, biz artıq konkret layihələr barədə danışmağa hazırıq və indi bu mövzuları müzakirə edirik.
Hörmətli cənab Prezident, çox təfərrüata varmadan deyə bilərəm ki, bizi birləşdirən məfhumlar, birgə məqamlar çoxdur. Avropa İttifaqına üzv ölkə olmağımıza baxmayaraq, bizi birləşdirən praqmatik yanaşmadır. Bizi birləşdirən suveren xarici siyasətdir, o siyasət ki, Siz də həyata keçirirsiniz və biz də buna çalışırıq. Eyni zamanda, bizi o fakt birləşdirir ki, biz dünyaya hər dörd istiqamətdə baxırıq, yalnız Qərb və ya bir istiqamətdə köklənmirik. Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq. Əlbəttə ki, başqalarının işlərinə müdaxilə olunmaması, ərazi bütövlüyünün aliliyi bizim üçün ən başlıca amillərdir.
Cənab Prezident, Sizi yenidən seçilməyiniz münasibətilə təbrik edirəm. Bu, Sizin beşinci prezidentliyinizdir. Bu, çox mühüm bir nailiyyət və uğurdur. Eyni zamanda, Sizi ölkənizdə aydın görünən tərəqqi münasibətilə təbrik edirəm.
Ərazi bütövlüyünün bərpası məsələsinə gəldikdə, Siz dünyanın digər bölgələri üçün nümunəsiniz. Məncə, bu, ən yüksək səviyyədə qiymətləndirilməlidir.
Cənab Prezident, Sizi Slovakiyada görməyimizə çox şad olardıq. Siz sadəcə tarixi seçin və özünüzlə ən böyük nümayəndə heyəti gətirin, işgüzar dairələri cəlb edin. İnanıram ki, müzakirə etməyə mövzularımız çox olacaq. Çünki bir az bundan öncə müzakirə etdiyimiz məsələlər onu nümayiş etdirir ki, perspektivlər çox böyükdür.