“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
03 may 2024, 16:55
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanunu) 8-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər
8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
8.2. Bu Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2024-cü il