İlham Əliyev Kanadanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
09 noyabr 2012, 18:30
Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Holmsun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Con Holms etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Con Holms ölkəmizdə böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Səfir ölkələrimiz arasında əməkdaşlığın aviasiya sənayesi, təhsil, internet idarəçiliyi, tikinti və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.
Dövlət başçısı Azərbaycanla Kanada arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğunu vurğuladı, bu əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.