İlham Əliyev Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir
07 noyabr 2012, 20:20
Buta sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərasimin iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Dövlət başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar, əziz dostlar!
Bu gün ölkəmizin tarixində çox gözəl, əlamətdar bir gündür. Biz bu gün Milli Olimpiya Komitəsinin 20 illik yubileyini qeyd edirik. Bizimlə bərabər bu bayramı qeyd etmək üçün gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram.
İyirmi il əvvəl Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Hamımız yaxşı bilirik ki, müstəqilliyimizin ilk illəri nə qədər ağır keçmişdir. Müstəqilliyimizin ilk illərində ölkədə gedən xoşagəlməz proseslər, xaos, böhran, anarxiya, iqtisadi tənəzzül istər-istəməz idman sahəsinə də öz mənfi təsirini göstərmişdir.
1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar başlamışdır. Dövlət siyasəti ortaya qoyulmuşdur və bütün sahələrdə olduğu kimi, idman sahəsində də biz uğurlara nail ola bilmişik.
Milli Olimpiya Komitəsinin tarixi müstəqilliyimizin tarixi ilə üst-üstə düşür. Müstəqilliyin bərpasından bir il sonra Milli Olimpiya Komitəsi yaradıldı. Demək olar ki, 1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Azərbaycanda idman sahəsində, Olimpiya hərəkatı sahəsində çox böyük işlər görülmüşdür. Müstəqilliyimizin ilk illərində ölkəmizi tərk etmiş tanınmış idmançılar, məşqçilər, idman mütəxəssisləri Vətənə qayıtdılar. Təlim-məşq prosesi üçün çox gözəl şərait yaradılmışdır. İdmanın müxtəlif növlərinin inkişafı üçün konkret addımlar atılmışdır, federasiyaların rəhbərliyi gücləndirilmişdir. Nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, idman cəmiyyətləri, klublar bir ailə kimi fəaliyyətə başlamış və beləliklə, idman uğurlarımızı şərtləndirmişdir.
Doğrudan da, əgər biz idmanın iyirmi il ərzində inkişaf tarixinə nəzər salsaq görərik ki, idman uğurlarımızı ardıcıllıqla artırmışıq. Eyni zamanda, beynəlxalq əlaqələrimiz də genişlənir, möhkəmlənir. Bu gün bu bayramda iştirak etmək üçün Azərbaycana gəlmiş müxtəlif ölkələrin nümayəndələri bizim əziz qonaqlarımızdır. Onların Azərbaycana gəlişi, eyni zamanda, beynəlxalq əlaqələrimizin nə qədər geniş və zəngin olduğunu göstərir.
Azərbaycan Beynəlxalq və Avropa Olimpiya komitələrinin fəal üzvüdür. Azərbaycan artıq idman dövlətidir. Bizim uğurlarımız beynəlxalq idman qurumları tərəfindən qiymətləndirilir. İdmanın, Olimpiya hərəkatının inkişafına verilən beynəlxalq dəstək və qiymət çox yüksək səviyyədədir. Beynəlxalq Olimpiya federasiyalarının dəstəyi ilə ölkəmizdə çoxsaylı idman yarışları, o cümlədən Avropa və dünya çempionatları, həm Olimpiya, eyni zamanda, qeyri-Olimpiya idman növləri üzrə çempionatlar keçirilmişdir. Sentyabr-oktyabr aylarında ilk dəfə olaraq 17 yaşadək qadınlar arasında futbol üzrə dünya birinciliyi Bakıda, Azərbaycanda çox yüksək səviyyədə keçirilmişdir. Deyə bilərəm ki, bu təcrübə bizə imkan verəcəkdir ki, gələcəkdə bundan da böyük beynəlxalq yarışlara ev sahibliyi edək.
Azərbaycanda bütün beynəlxalq idman yarışları yüksək səviyyədə keçirilir. Bizim qonaqpərvərliyimiz, eyni zamanda, təşkilatçılıq imkanlarımız, təşkilatçılıq qabiliyyətimiz çox nadir bir mühit yaradır. Ən önəmlisi ondan ibarətdir ki, bütün yarışlarda iştirak edən idmançılar üçün çox gözəl şərait yaradılır. Həm gözəl idman infrastrukturumuz, Olimpiya kompleksləri vardır, eyni zamanda, Bakı şəhəri gözəlləşir, abadlaşır və Bakıya gələn qonaqların sayı artır. Çox şadam ki, onların arasında idmançıların sayı ildən-ilə artır.
Biz idmanın inkişafına geniş prizmadan yanaşırıq və kompleks tədbirlər görülür. Əlbəttə, ilk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır. Dövlət siyasətinin nəticəsidir ki, bu gün biz Azərbaycanı dünya birliyinə idman dövləti kimi təqdim edə bilirik. Təsadüfi deyildir ki, 2012-ci il Azərbaycanda “İdman ili” elan edilmişdir. Bu, özlüyündə bir göstəricidir.
İdmanla məşğul olan, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumlar, bir daha qeyd etmək istəyirəm ki, vahid siyasət çərçivəsində fəaliyyət göstərirlər. Deyə bilərəm ki, Azərbaycan o nadir ölkələrdəndir ki, burada idman nazirliyi, Olimpiya Komitəsi, federasiyalar, idman cəmiyyətləri arasında heç bir anlaşılmazlıq yoxdur. Əksinə, maksimum dərəcədə qarşılıqlı anlaşma və qarşılıqlı dəstək vardır. Çünki bu, bizim ümumi işimizdir.
İdman, demək olar ki, əksər ölkələrin ictimai həyatında önəmli bir amilə çevrilibdir. İdman yarışlarında, xüsusilə Olimpiya oyunlarında ölkələr bir-biri ilə yarışırlar. Təsadüfi deyildir ki, idman sahəsində əldə edilən uğurlar bilavasitə ölkələrin inkişaf göstəricilərinə də uyğundur. İnkişaf etmiş ölkələrdə, adətən idman da inkişaf edir. Azərbaycan inkişafda olan bir dövlət kimi idman sahəsində də böyük nailiyyətlərə çata bilibdir.
Dövlət siyasəti idmanın təbliği, idmanla məşğul olmaq üçün şəraitin yaradılması, maarifləndirmə, gənc nəslin yetişdirilməsi kimi mühüm sahələri əhatə edir. Onların arasında yeni idman infrastrukturunun yaradılması xüsusi yer tutur. Mən çox şadam ki, vaxtilə Milli Olimpiya Komitəsinin təşəbbüsü kimi yaranmış bu proqram artıq ölkə üzrə geniş vüsət almışdır. Birinci olimpiya idman kompleksi Milli Olimpiya Komitəsi tərəfindən 2000-ci ildə Bakıda ucaldılmışdır.
Ondan sonra Azərbaycanda 35 regional olimpiya kompleksi tikilib istifadəyə verilib, 8 kompleksin tikintisi davam edir.
Beləliklə, yaxın gələcəkdə elə bir şəhər qalmayacaqdır ki, orada müasir, ən yüksək standartlara cavab verən Olimpiya İdman Mərkəzi olmasın. Bu mərkəzlərdə həm peşəkar idmançılar məşq edirlər, eyni zamanda, bölgə gəncləri, uşaqlar, yeniyetmələr idman bölmələrinə gələrək öz peşəkarlığını artırırlar.
Mən çox şadam ki, gözəl gənc nəsil yetişir. Gənclərimiz bizi sevindirir. Yeniyetmələr arasında birinci Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan gəncləri çox yüksək nəticə göstərmişlər və dünya miqyasında 11-ci yerə layiq olmuşlar.
Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Çünki bu, onu göstərir ki, idman sahəsində ardıcıllıq vardır. Gənc nəsil yetişir, tanınmış idmançıların uğurlu çıxışları, onların nümunələri gənclər üçün, uşaqlar üçün bir örnəkdir və onlar da çempionlara oxşamaq istəyirlər. Bu da çox önəmli amildir.
Biz Azərbaycanda elə bir mühit yaratmışıq ki, idmançı olmaq hazırda çox şərəfli bir peşə və şərəfli bir işdir. Olimpiya, dünya, Avropa çempionlarımız, sözün əsl mənasında, bizim qəhrəmanlarımızdır və cəmiyyətdə onlara olan sevgi, məhəbbət və hörmət çox yüksək səviyyədədir. Bu, dövlət siyasəti olaraq, eyni zamanda, cəmiyyətdə idmana, idmançılara olan müsbət münasibətin təzahürüdür. Bu gün idmançılarımız cəmiyyətimizin çox dəyərli üzvləridir.
Mən çox şadam ki, bizim görkəmli idmançılarımız – Olimpiya, dünya, Avropa çempionlarımız həyatda nümunədirlər. Bu, belə də olmalıdır. Çünki onların hərəkətləri, fəaliyyəti, Vətənə olan bağlılığı, eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə xidmət göstərir.
Regional Olimpiya komplekslərinin fəaliyyəti çox uğurludur, genişdir və bu, kadr potensialının əsas mənbəyidir.
Bölgələrimizdə çox istedadlı gənclər, uşaqlar vardır. İndi onlara idmanla məşğul olmaq üçün şərait yaradılıbdır. Onlar bu şəraitdən səmərəli şəkildə istifadə edirlər və etməlidirlər. Bizim idmanla, Olimpiya hərəkatı ilə bağlı siyasətimiz çox məqsədyönlüdür. Azərbaycan Olimpiya hərəkatının fəal üzvüdür, Olimpiya hərəkatının ideallarını bölüşür. Olimpiya Oyunları dünyanın ən böyük beynəlxalq tədbiridir. Ölkələrin orada iştirakının sayına görə, eyni zamanda, Olimpiya Oyunları zamanı hökm sürən dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühiti nadir xarakter daşıyır. Dünyada ikinci belə beynəlxalq tədbir, beynəlxalq yığıncaq yoxdur ki, bu dərəcədə xeyirxahlıq, mərhəmət, sülh, dostluq ideyalarını özündə ehtiva etsin. Olimpiya Oyunları dünya miqyasında nadir və təkrarolunmaz bir formatdır. Mən çox şadam ki, Azərbaycan Olimpiya Oyunlarında uğurla iştirak edir və idman şöhrətini daim yüksəklərdə saxlayır.
Bizim müstəqil dövlət kimi Yay Olimpiya Oyunlarında iştirakımız 1996-cı ildən başlanmışdır və əgər dinamikaya nəzər salsaq görərik ki, hər dəfə uğurlarımızı artırmışıq. Bizim komandamız 1996-cı ildə bir, 2000-ci ildə üç, 2004-cü ildə beş, 2008-ci ildə yeddi, 2012-ci ildə isə, 10 medal – onlardan 2-si qızıl, 2-si gümüş və 6-sı bürüncdür,- qazanmışdır. Ölkələrin cədvəlində Azərbaycan London Yay Olimpiya Oyunlarında 30-cu yerə layiq görülmüşdür, medalların sayına görə 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutmuşdur. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycanda idman və Olimpiya hərəkatı sahəsində görülmüş işlərin bariz nümunəsi, ölkəmizin uğurlu inkişafının göstəricisidir.
Azərbaycan dünyada dinamik inkişaf edən, müasir, gənc ölkə kimi tanınır. Bizim iqtisadi uğurlarımız artıq bütün beynəlxalq iqtisadi aləmə tanışdır. Azərbaycanda iqtisadi sahədə müşahidə olunan bu inkişafın dünyada analoqu yoxdur. Çünki 8-9 il ərzində iqtisadi sahədə 3 dəfə - 300 faizlik artım, doğrudan da, dünya miqyasında nadir bir göstəricidir. Bütün başqa sahələrdə, - siyasi islahatlar, sosial müdafiə, müasir informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqi, – bütün bu sahələrdə biz qabaqcıl yerlərdəyik. Bu günlərdə Bakıda Beynəlxalq İnternet İdarəçilik Forumu keçirilir və müxtəlif qitələrdən, ölkələrdən 1000-dən artıq qonaq vardır. Mənim beynəlxalq telekommunikasiya qurumlarının rəhbərləri ilə keçirdiyim görüşlər bir daha onu göstərir ki, Azərbaycanda bu sahədə əldə edilən uğurlar bölgə üçün nümunədir. Azərbaycan bu sahədə regional liderdir. Azərbaycanda olan internet azadlığı bir çox ölkələrdə yoxdur. Bizim təcrübəmiz bölgədə artıq öyrənilir. İnternet və informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilən uğurlar, qoyulan investisiyalar və gələcək planlarımız beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Yəni, istənilən sahəyə baxsaq görərik ki, hər bir sahə üzrə konkret proqramlar, konkret icra müddəti və eyni zamanda, bütün istiqamətlər üzrə gələcəyə, müasirliyə, inkişafa doğru konkret konseptual yanaşmalar vardır. O cümlədən idman sahəsində. Çünki bir daha demək istəyirəm ki, idman cəmiyyətimizin ayrılmaz hissəsidir. Mən Milli Olimpiya Komitəsinin prezidenti və ölkə Prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda idmanla məşğulolma prosesi kütləvi xarakter alsın. Artıq kütləvilik artır, ancaq istənilən səviyyədə deyildir. Hər bir vətəndaş, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Çünki ilk növbədə, idman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdmançıların mütləq əksəriyyəti yüksək insani keyfiyyətlərə malikdir. Eyni zamanda, idman mədəniyyətdir və idmanla məşğul olan insan özünü rahat, çox əmin hiss edir. Biz çalışmalıyıq ki, sağlam gənclər yetişsin. Sağlamlıq məsələlərinin həllində idmanın çox böyük rolu vardır.
Əlbəttə, bütün başqa sahələrdə olduğu kimi, ekoloji vəziyyət, təmiz hava, keyfiyyətli qida, təmiz içməli su – bütün bu məsələlər Azərbaycanda öz həllini tapır, o cümlədən idman sahəsində. Bütün bu amillər bir məqsədə xidmət edir ki, Azərbaycan vətəndaşı yaxşı yaşasın, rifah içində yaşasın, sağlam olsun və öz xalqına, öz Vətəninə sədaqətlə xidmət etsin.
Bir sözlə, idman, yenə də deyirəm, sadəcə olaraq yarış, sadəcə olaraq hansısa bir qələbə deyildir. Hər dəfə milli bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı qürur hissi ilə bu gözəl anları yaşayır. Çünki ölkənin qələbəsi, idmançıların qələbəsi, bizim uğurlarımız hər bir vətənpərvər vətəndaşı sevindirir.
Ancaq idman sadəcə olaraq idman yarışlarında əldə edilən qələbə deyildir. İdmanın cəmiyyətdə çox geniş, çoxşaxəli təsiri vardır. Bir daha qayıtmaq istəyirəm əvvəlki fikrə, adətən inkişaf etmiş ölkələrdə idman da inkişaf edir və inkişafdadır.
Yəni idmanın inkişafı ölkələrin ümumi inkişafının göstəricisidir.
Baxmayaraq ki, müstəqilliyimizin cəmi iyirmi bir yaşı vardır, bizim dövlətimiz özünü təsdiq edə bilib. Azərbaycana beynəlxalq aləmdə çox böyük hörmət vardır. Beynəlxalq aləm bizi dəstəkləyir və keçən il BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bunun bariz nümunəsidir. 155 ölkə namizədliyimizi dəstəkləyərək bizə öz hörmətini, inamını və etimadını göstərmişdir. Bu gün Azərbaycan dünyada gedən qlobal proseslərdə fəal iştirak edir. Yəni, biz həm regional çərçivələrdə, həm beynəlxalq arenada çox fəal işlər görürük. Bizim birmənalı, müstəqil siyasətimiz, uğurlu iqtisadi islahatlarımız vardır.
Sadaladığım bütün bu amillərin arasında idmanın da öz mühüm yeri vardır.
Mən şübhə etmirəm ki, bundan sonrakı illərdə də idman və Olimpiya hərəkatı Azərbaycanda sürətlə inkişaf edəcəkdir.
Hazırda Bakıda tikilməkdə olan yeni, müasir, böyük Olimpiya obyektləri, idman qurğuları siyasətimizin nə qədər böyük və düşünülmüş olduğunu bir daha göstərir.
Hazırda Bakıda yeni Olimpiya Stadionu inşa edilir. Yetmiş min yerlik bu stadion bölgənin ən böyük və ən müasir Olimpiya Stadionu olacaqdır. Hazırda böyük tutumlu Gimnastika Sarayı tikilir. Bu yaxınlarda yeni, müasir Su İdman Növləri Sarayı tikilməyə başlamışdır. Bu il, eyni zamanda, idman yarışları üçün lazım olan ən böyük Bakı “Crystal Hall” tikilmişdir.
Bölgələrdə stadionlar, idman obyektləri tikilir. Yəni, bu sahədə işlərimiz bundan sonra da davam etdiriləcək və biz elə idman infrastrukturu yaradacağıq ki, istənilən beynəlxalq yarışı Bakıda keçirmək mümkün olsun. Bizim hədəfimiz də məhz bundan ibarətdir. Ümid edirəm ki, biz bu istiqamətdə də hədəfimizə çatacağıq.
Mən hesab edirəm ki, növbəti Olimpiya Oyunlarına qədər biz, bizim üçün ənənəvi olmayan idman növlərində də uğurlar qazanmalıyıq.
Hər bir Olimpiya Oyunlarının yekunları, uğurları və bəzi hallarda yaşanan məyusluq, eyni zamanda, gələcək fəaliyyətimiz üçün də bir yol göstəricisidir. Çünki həm uğurlar, həm məğlubiyyətlər bizi, necə deyərlər, öyrətməlidir ki, bizim üçün ənənəvi idman növlərində uğurlarımızı artıraq, bizim üçün yeni olan idman növlərində də peşəkar kadrları yetişdirmək üçün hansı addımları ataq.
Hesab edirəm ki, London Yay Olimpiya Oyunları medalların sayına, idmançılarımızın çıxışlarına görə doğrudan da böyük qiymətə layiqdir. On medal qazanılıb. Ancaq hamımız yaxşı bilirik ki, ən azı beş medal da qazanılmalı idi. İdmançılarımız buna yaxın idi. Bəzi medalların əyarları daha da üstün olmalı idi. Biz bunu, bəzi Olimpiya oyunlarındakı məqamları yaxşı xatırlayırıq. Ancaq bəzi hallarda ədalətsizlik bizi yoldan çəkindirməməlidir. Biz daha böyük əzmlə və iradə ilə çalışmalıyıq ki, uğurlarımızı artıraq.
Bu gün Bakıda Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd olunur. Bu yubiley tədbirləri artıq bir neçə gündür ki, Bakıda qeyd olunur.
Bu gün bu ziyafətdə bizim qonaqlar, bizim görkəmli idmançılar, idman ictimaiyyətinin nümayəndələri toplamışlar.
Mən bir daha bütün idman ictimaiyyətini, bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm.
İdmançılara yeni qələbələr, yeni uğurlar arzulayıram.
Sağ olun!
X X X
Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti Janez KOCİJANÇİÇ çıxış edərək dedi:
- Cənab Prezident, Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidenti, cənab İlham Əliyev!
Azərbaycanın hörmətli rəsmiləri, Azərbaycanın Olimpiya hərəkatlarının fəalları, dəvət olunmuş digər olimpiya təşkilatlarının rəhbərləri.
Mən böyük iftixar və şərəf hissi ilə Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikkeyin, İcraiyyə Komitəsinin üzvlərinin və hamımızın salamlarını sizə çatdırıram. Hamı gözəl bilir ki, Olimpiya hərəkatının inkişafının 20-ci ildönümü nə deməkdir. Çünki mən, həmçinin bu cür digər tədbirlərdə də iştirak etmişəm və onlar da eyni ildönümlərini qeyd ediblər.
Çox gözəl bilirəm ki, məhz Azərbaycan üçün bu yolu keçmək nə qədər çətin olmuşdur. Bu yol mürəkkəb olmuşdur. Bəzi hallarda atılan addımlar çox böyük enerji tələb edirdi. Burada fərdilik, fərdi yanaşmaya ehtiyac duyulurdu. Bəzi hallarda heç də bərabər, tarazlı mövqe mövcud deyildi.
Mən Sizi təbrik edirəm. Siz böyük uğurlar, fantastik nailiyyətlər əldə etdiniz. London Olimpiya Oyunlarında on medal qazanmaqla Siz göstərdiniz ki, ölkənizdə idman nə dərəcədə güclüdür, idman sahəsi nə dərəcədə güclənir. Burada mövcud olan keyfiyyət nədən ibarətdir.
Qeyd etmək istəyirəm ki, idman, həmçinin etikadır. Etika olmadan idman, sadəcə mənasız bir hərəkata oxşayardı. Bunu mən xüsusi qeyd etmək istəyirəm. Dopinq, matçların nəticələrinin öncədən sövdələşməsi və digər bu kimi hallar baxımından mən bu sözləri qeyd edirəm. İdman gələcəkdir. Bizim hamımız bilməliyik ki, medalın məhz əldə edilməsi anından etibarən bu medal artıq keçmişdə qalır, o, tarixə çevrilir. Biz hamımız gələcəyə doğru baxmalıyıq. Azərbaycan gələcəyə nəzər salan idman ölkəsidir.
Sizi bir daha təbrik edirəm. Ümidvaram ki, Sizin gələcəyiniz bundan sonra da iqtisadi və sosial tərəqqinizə uyğun olacaqdır.
X X X
Janez Kocijançiç Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illiyi münasibətilə Avropa Olimpiya Komitəsinin xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.
X X X
Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael MARTİNETTİ çıxış edərək dedi:
- Hörmətli dostlar! Əvvəlcə, icazə verin, mən öz çıxışımı fransız dilində edim. Bu, mənim doğma dilimdir. Fransız dili mənim rəhbərlik etdiyim idman təşkilatının rəsmi dilidir. Buna görə, icazə verin, FİLA-nın rəsmi dilində danışım.
Hörmətli cənab Prezident!
Hörmətli Azərbaycan Respublikasının birinci xanımı!
Xanımlar və cənablar!
2012-ci ildə biz Azərbaycanın Milli Olimpiya Komitəsinin 20-ci ildönümünü qeyd edirik. Bu dövr ərzində FİLA Azərbaycanın Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq etmiş və bunu davam etdirir. Azərbaycanın sabiq Prezidenti mərhum Heydər Əliyev demişdir: “Azərbaycanın Milli Olimpiya Komitəsinin yaradılması Azərbaycanın müstəqilliyinin atributlarından biri, ölkənin suverenliyi ilə sıx bağlıdır”. 2012-ci ildə biz, həmçinin İlham Əliyevin Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidenti seçilməsinin 15-ci ildönümünü qeyd edirik. Azərbaycan idmanı və Olimpiya hərəkatı 1997-ci ildə öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Azərbaycan güləşçiləri dörd qızıl, dörd gümüş, beş bürünc medal qazanaraq, son 15 il ərzində Olimpiya Oyunlarında yüksək nəticələr nümayiş etdirdilər.
Cənab Prezident! Mən bu fürsətdən istifadə edərək, Azərbaycanın Milli Olimpiya Komitəsinin 20-ci ildönümü münasibətilə bütün güləşçilər, dünyanın bütün güləşsevərləri adından idmanın inkişafına, xüsusən də, güləşin inkişafına verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən bu mərasimdə iştirak edən bütün şəxsləri səmimiyyətlə təbrik edir, Sizə böyük uğurlar və yeni nailiyyətlər arzulayıram.
X X X
Sonra Azərbaycanın tanınmış incəsənət ustaları geniş konsert proqram ilə çıxış etdilər.