Nəriman Həsənzadə və başqalarından, Bakı, Azərbaycan
25 aprel 2024, 14:47
Möhtərəm cənab Prezident, Hörmətli Müzəffər Ali Baş Komandan.
Qazaxın işğal altındakı Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızıl Hacılı kəndlərinin geri qaytarılması ilə İkinci Qarabağ müharibəsində qazanılan şanlı zəfərlərə yenisini əlavə edərək Azərbaycana sonsuz sevinc bəxş etdiniz. Bir güllə belə atılmadan, mahir siyasi-diplomatik gedişlərlə əldə etdiyiniz bu böyük uğur tariximizə ən parlaq səhifələrdən biri kimi yazılıb. Bu Zəfər Sizin diplomatik zəkanızın yeni bir təntənəsidir. Qədim Qazax mahalına bəxş etdiyiniz bu böyük bayram üçün Sizə səmimi təşəkkürlərimizi çatdırırıq.
Cənab Prezident, Ulu Öndər Heydər Əliyevin “Siz, əziz qazaxlılar, burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız” sözləri hər bir Azərbaycan vətəndaşı kimi, Qazax mahalının sakinləri üçün də böyük qürur qaynağıdır.
Ulu Öndərimizi sonsuz sevgi və rəhmətlə anır və Sizin ətrafınızda daha sıx birləşdiyimizi təkrar bəyan etməkdən şərəf duyuruq. Qazax camaatı döyüşkən, cəsur və mərd olduğunu 44 günlük Vətən müharibəsində də göstərdi. Qəhrəman əsgərlərimiz Sizin Komandanlığınıza, parlaq zəkanıza güvənərək ön cəbhədə böyük şücaət göstərdilər.
Möhtərəm cənab Prezident, qarşıda ölkəmizi yeni bir tarixi dövr gözləyir. Azərbaycanın çiçəklənməsi, inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutması yolunda daim Sizin yanınızdayıq. Hər bir Qazax sakini Sizin müsəlləh əsgəriniz olub, əmrlərinizə müntəzirdir.
Sizə Qazax mahalının bütün qədirbilən insanları adından ölkə daxilində gedən çoxşaxəli islahatlara, beynəlxalq aləmdə qazandığınız uğurlara görə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, Sizin liderliyinizlə xalqımız daha da inkişaf etmiş, modern və çiçəklənən bir ölkədə yaşayacaq.
Qazax mahalının ziyalıları adından Sizə möhkəm cansağlığı, yeni zəfərlər arzulayırıq. Tanrı Sizə yar olsun.
Dərin hörmət və ehtiramla,
Nəriman Həsənzadə - “Şöhrət” və “Şərəf” ordenli, Xalq şairi,
Nizami Cəfərov – filologiya elmləri doktoru, akademik, Milli Məclisin deputatı,
İlham Pirməmmədov – riyaziyyat elmləri doktoru, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri
Məlahət İbrahimqızı – Milli Məclisin deputatı,
Şahin Mustafayev – Türk Dövlətləri Akademiyasının prezidenti, akademik,
Elçin Şıxlı – Azərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist,
Varis Yolçuyev – Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru,
İbrahim Nəbioğlu – araşdırmaçı, yazıçı,
Barat Vüsal – Azərbaycan Yazıçılar Birliyinin Qazax bölgəsinin sədri, Əməkdar incəsənət xadimi,
Şəmistan Nəzirli – yazıçı-publisist, Prezident təqaüdçüsü.
Azərbaycan Respublikası, Bakı şəhəri.