Məmməd Musayevdən, Bakı, Azərbaycan
03 aprel 2024, 15:06
Möhtərəm cənab Prezident.
Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Sizin tərəfinizdən böyük müdriklik və uzaqgörənliklə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün artır.
Beynəlxalq aləmdə öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir. Reallaşdırılan mühüm tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələndirilməsi uğurla təmin olunur, özəl sektorun inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.
Zati-alinizin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmiş, sağlam bazar münasibətləri, azad rəqabət mühiti, özəl bölmə üçün əlverişli imkanlar formalaşdırılmışdır. Azad sahibkarlığın inkişafında və dövlət-sahibkar əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsində Sizin dəstəyinizi və qayğınızı daim hiss edirik.
Zati-alinizə möhkəm cansağlığı və müstəqil, demokratik Azərbaycanın daha da möhkəmlənməsi, xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Dərin minnətdarlıq hissi ilə,
Musayev Məmməd.
Azərbaycan Respublikası, Bakı şəhəri.