Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi olmuşdur
03 sentyabr 2010, 11:30
Prezident İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə”ni imzaladılar.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprom” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısı üzrə müqaviləyə 4 saylı əlavə Saziş”i Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Qazprom” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri Aleksey Miller imzaladılar.
“Azərbaycan və Rusiya hökumətləri arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi haqqında Saziş”i ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Yuri Trutnev imzaladılar.
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin keçid xəttinin izahatı haqqında Sənəd”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov imzaladılar.