İmişli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
02 noyabr 2012, 18:25
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının yerinə yetirilməsi sahəsində ölkənin bütün bölgələrində olduğu kimi İmişli rayonunda da bir sıra tədbirlər həyata keçirilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, həmçinin ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi və digər sosial yönümlü obyektlər inşa olunmuş, istehsal müəssisələri açılmış, yeni yollar çəkilmiş, abadlıq-quruculuq işləri geniş miqyas almışdır.
İmişli şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İmişli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə İmişli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2012-ci il.