Rəşad Rəhimovdan, Bakı, Azərbaycan
09 mart 2024, 15:22
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Azərbaycan Respublikası Prezidenti seçkilərində böyük səs çoxluğu ilə Prezident seçilməyiniz münasibəti ilə Azərbaycanın Milli Qəhramanı, şəhid Koroğlu Rəhimovun ailə üzvləri adından Sizi ürəkdən təbrik edirik. Ali missiyanızda yeni-yeni uğurlar arzu edirik.
Cənab Prezident, məhz Sizin diplomatik məharətiniz, prinsipiallığınız, dəqiq və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan tarixi Qələbə qazandı. Qələbəmiz bir daha Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi.
Sizin böyük sərkərdəlik məharətiniz, güclü iradəniz və qətiyyətiniz, müzəffər və yenilməz Ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında sıx birliyi Azərbaycanın haqq işində tam qələbəni təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Ağdərəmizi, Suqovuşanımızı, Şuşamızı, Xankəndimizi və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytarmışdır.
Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də regionda tamamilə yeni bir reallıq yaratdınız. Vətən müharibəsi dövründə Siz başda olmaqla, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu.
Qalib xalqın qalib Prezidenti kimi gələcək fəaliyyətinizdə dövlətimizin bundan sonra da tərəqqisinə öz ali töhfənizi verəcəyinizə, xalqımız və Vətənimiz üçün qürurverici işlər görəcəyinizə əminik!
Hörmətlə,
Rəhimov Rəşad Koroğlu oğlu, Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri