Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə
04 mart 2024, 14:36
Hörmətli cənab Baş nazir,
Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Qardaş ölkə və etibarlı tərəfdaşımız olan Pakistanla münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi məmnunluq doğurur. Dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq edirlər. Pakistanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hər zaman verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.
Biz bundan sonra da Azərbaycan ilə Pakistan arasında qardaşlığa, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindəyik. Siyasi dialoqumuzu davam etdirmək, ikitərəfli əməkdaşlığımızın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistanın və xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2024-cü il