Mədət Quliyevdən, Bakı, Azərbaycan
01 mart 2024, 09:07
Möhtərəm cənab Prezident!
Sizi işğaldan azad edilmiş ərazilər də daxil olmaqla ilk dəfə bütöv Azərbaycanda keçirilən Prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Azərbaycan Velosiped Federasiyasının kollektivi adından və öz adımdan səmimi-qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ölkəmizin inkişafı istiqamətindəki şərəfli fəaliyyətinizdə uğurlar arzu edirəmi
Ümummilli Lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi, Ulu Öndərin dühası üzərində bərqərar olmuş azərbaycançılıq ideallarının və dövlətçilik xəttinin uğurla həyata keçirilməsi naminə misilsiz xidmətləriniz xalqımız tərəfindən hər zaman dəstəklənir. Həyata keçirdiyiniz uzaqgörən və müdrik siyasətiniz, apardığınız genişmiqyaslı iqtisadi islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu gündən-günə daha da artırır.
Sizin rəhbərliyiniz, diqqət və qayğınız sayəsində ölkəmizin idman siyasəti geniş vüsət alaraq durmadan inkişaf edir. Həmin dinamik inkişafın nəticəsidir ki, Azərbaycan bu gün bütün dünyada idman ölkəsi kimi tanınır və bu sahədə qazanılan uğurlar beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Cənab Ali Baş Komandan!
Sizi Azərbaycan Velosiped Federasiyasının kollektivi adından və şəxsən öz adımdan bütöv Azərbaycanda keçirilən Prezident seçkilərində inamlı qələbə münasibətilə bir daha ürəkdən təbrik edir; Vətənin işıqlı sabahları naminə şərəfli fəaliyyətinizdə daimi nailiyyətlər və daha böyük zəfərlər diləyirəm!
Dərin hörmət və ehtiramla,
Mədət Quliyev, Azərbaycan Velosiped Federasiyasının Prezidenti, Azərbaycanın Milli Qəhrəmanı
Azərbaycan Respublikası, Bakı şəhəri.