İlham Əliyev İmişlidə “Araz” damazlıq quşçuluq fabrikinin açılışında iştirak etmişdir
28 oktyabr 2012, 16:15
Prezident İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində “Araz” damazlıq quşçuluq fabrikinin açılışında iştirak etmişdir.
“Araz” damazlıq quşçuluq fabriki regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq İmişli rayonun Qaragüvənli kəndində ən müasir standartlar səviyyəsində qurulmuşdur.
Bildirildi ki, Azərbaycan Prezidentinin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ölkənin müxtəlif regionlarında ayrı-ayrı istehsal sahələri istifadəyə verilir, rayon və kəndlərdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. “Araz” damazlıq quşçuluq fabriki də belə müəssisələrdən biridir. Fabrikin ümumi dəyəri 7,3 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 5 milyon manat güzəştli kredit verilmişdir. Damazlıq yumurta istehsal edəcək fabrikin ümumi sahəsi 24 hektardır. Müəssisədə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2010-cu ilin sonunda başlanılmış, bu ilin oktyabrında isə işlər tam başa çatdırılmışdır.
Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, fabrikdə hər birinin sahəsi 1728 kvadratmetr olmaqla yeddi quş ferması inşa edilmişdir. Quş fermaları Türkiyənin bu sahədə dünyada məşhur olan “Altuntaş” şirkətinin avadanlığı ilə təchiz edilmişdir.
Buradakı damazlıq cücələr isə Hollandiyadan gətirilmişdir. Fabrikdə illik 10 milyon damazlıq yumurta istehsalı nəzərdə tutulur.
Müəssisədə istehsal gücü saatda 10 ton olan yem sexi və tutumu 3,5 min ton olan yem anbarı fəaliyyət göstərir. Yem sexində Türkiyənin “Altuntaş” şirkətinin və yerli “Asena” şirkətinin avadanlığı quraşdırılmışdır. Yem anbarı isə Türkiyənin “OBİ” şirkətinin texnologiyası əsasında qurulmuşdur. Fabrikdə laboratoriya, inzibati və digər köməkçi binalar inşa edilmişdir. Layihənin icrası nəticəsində 80 nəfər yeni iş yeri ilə təmin olunmuşdur.
Dövlət başçısına məlumat verildi ki, eyni zamanda, İmişli rayonu ərazisində illik istehsal gücü 4 min ton olan broyler fabrikinin və illik 110 milyon əmtəə yumurtası istehsal etmək imkanına malik quşçuluq fabrikinin maliyyələşdirilməsinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılmışdır. Bu müəssisələr də ən müasir avadanlıqla təchiz ediləcəkdir. Layihələrin icrası nəticəsində 110 yeni iş yeri açılacaqdır.