İlham Əliyev Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışında iştirak etmişdir
28 oktyabr 2012, 11:45
Prezident İlham Əliyev Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlət başçısı avtomobil yolunun sxematik planını əks etdirən stendə baxdı.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Azərbaycan Prezidentinə məlumat verdi ki, son on ildə ölkəmizin yol–nəqliyyat strukturunda əsaslı dəyişikliklər baş vermişdir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları tamamilə abadlaşdırılır. Dövlətimizin başçısının Sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilmişdir. Bu tədbirlər iqtisadiyyatımızın gündən-günə güclənməsini nümayiş etdirməklə yanaşı, dövlətimizin ölkənin istənilən yerində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir.
Bu proses Beyləqan rayonunda da geniş vüsət almışdır. Rayondakı Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu tamamilə yenidən qurulmuşdur.
Bildirildi ki, uzun illər təmir işləri aparılmaması nəticəsində bu yol istismara yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır. Ümumi uzunluğu 35 kilometr olan və müasir standartlar səviyyəsində qurulan dördüncü kateqoriyalı avtomobil yolunda iki körpü, on boru su keçidi inşa edilmişdir. Beyləqan rayonunun on kəndini və Xocavənddən olan məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqəsini birləşdirən həmin yoldan 34 minə yaxın sakin istifadə edəcəkdir. Bu günədək yolun 20,2 kilometrlik hissəsində əsaslı təmir işləri başa çatdırılmışdır. Hazırda yolun qalan hissəsində əsaslı təmir işlərinin yekunlaşdırılması işləri davam etdirilir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Yol ilə tanışlıqdan sonra dövlətimizin başçısı kənd sakinləri ilə görüşdü.
Yolun açılış mərasiminə toplaşan sakinləri salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Yeni yolun açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl, rahat yoldur. Əvvəlki yol çox bərbad vəziyyətdə idi. Gediş-gəliş də o qədər asan deyildi. Amma indi gözəl, rahat yol çəkildi. Mən buna çox sevinirəm, çox şadam. Şadam ki, mənim sərəncamlarım vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilir. Bildiyiniz kimi, bu yolun çəkilişi mənim imzaladığım Sərəncamın əsasında mümkün olmuşdur. Bütün bölgələrdən bizə məktublar, sifarişlər gəlir, xahişlər göndərilir ki, yollar abadlaşdırılsın. İndi gücümüz də, imkanımız da çatır ki, bunu edək və bunu da edirik.
SAKİNLƏR: Çox sağ olun, Sizə minnətdarlığımızı bildiririk.
Prezident İlham ƏLİYEV: Sizi bir daha təbrik edirəm. Əminəm ki, yaxın gələcəkdə ölkəmizin bütün kənd yolları abadlaşdırılacaqdır.
Əlbəttə, ilkin mərhələdə biz magistral yollara üstünlük verirdik. Çünki bu da təbiidir. Paytaxtımızı şəhərlərlə birləşdirən yolların tikintisi əlbəttə ki, ön planda idi. Amma indi kənd yollarının tikintisinə də vaxt çatıb və biz bunu edirik.
Yol çəkilişi həm insanlara rahatlıq verir, eyni zamanda, hər bir bölgənin inkişafını müəyyən edir. Çünki yol olmasa inkişafdan söhbət gedə bilməz. Həm insanların rahatlığı, eyni zamanda, biznes imkanlarının genişləndirilməsi, gələcəkdə müxtəlif turizm obyektlərinin tikintisi üçün yol əlbəttə ki, əsas məsələdir.
Yol çəkilişi ilə əlaqədar bütün bölgələrdə işlər gedir. Eyni zamanda, digər infrastruktur layihələri icra edilir, o cümlədən Beyləqan rayonunda. İndi qazlaşdırma prosesi gedir, içməli su layihəsi artıq başlayır. Yəni, çalışacağıq ki, yaxın illər ərzində qalan problemlər də öz həllini tapsın, bütün bölgələr, bütün rayonlar, o cümlədən Beyləqan rayonu daha da uğurla və sürətlə inkişaf etsin.
Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm.
Kənd sakini Əhməd Əhmədov dövlətimizin başçısına beyləqanlıların ən xoş arzularını çatdırdı.
X X X
Sonda xatirə şəkli çəkdirildi.