Elxan Yurdoğludan, Naxçıvan, Azərbaycan


24 fevral 2024, 14:47
Hörmətli cənab Prezident!
Azərbaycan xalqının müstəqillik əldə etdikdən sonrakı mərhələdə ən böyük ağrısı, yaralı yeri Qarabağ problemi idi və artıq Siz öz Zəfər imzanızla, “dəmir yumruq” iradənizlə bu yaranı sağaltdınız, bu ağrını sevinclə əvəzlədiniz. Bunun da nəticəsidir ki, növbədənkənar prezident seçkilərində xalq bir daha Sizinlə yola davam etmək istədiyini nümayiş etdirdi. Bu dəfə daha mütəşəkkil, daha xoşbəxt, daha həvəslə seçkilərdə iştirak edərək ikili standartlarla idarə olunan dünyaya göstərdi ki, Prezidentimiz necə ki, hər bir azərbaycanlının Prezidenti olmağı ilk gündən öhdəsinə götürüb, eləcə də xalq öz Prezidentinin həmişə yanındadır.
Sizinlə ölkəmizin ildən-ilə daha da gözəlləşdiyini görmək və bunun ardının gəldiyinə şahidlik etmək, xalqımızın rifah halının yaxşılaşdığını yaşamaq və hiss etmək, dövlətimizin qüdrətləndiyini və iqtisadi-siyasi baxımdan söz sahibi olduğunu görmək bir vətəndaş kimi məni hədsiz dərəcədə qürurlandırır. Müsbət dəyişikliklərin bundan sonra da davam etdiriləcəyinə əminliyimi bildirirəm.
Cənab Prezident, Sizi növbədənkənar prezident seçkilərində mütləq səs çoxluğu ilə qazandığınız qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu qələbəniz növbəti mərhələdə də ölkəmizin yeniliklərə doğru inamlı addımlarla irəliləyəcəyinə Azərbaycan vətəndaşlarında və dünya azərbaycanlılarında böyük əminlik hiss yaradır.
Bundan sonrakı fəaliyyətinizdə də Sizə möhkəm cansağlığı arzulayır və elm sahəsində çalışan biri kimi bütün ziyalıların Sizin ətrafınızda sıx birləşdiyinə olan əminliyimi ifadə etmək istəyirəm.
Dərin hörmət və ehtiramla,
Elxan Yurdoğlu,
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.