Rəfiqə Məsuddan, Bakı, Azərbaycan


24 fevral 2024, 14:12
Hörmətli cənab Prezident,
Humanist bəşəri sevgi üzərində köklənən dahi şəxsiyyət Ulu Öndərimiz Heydər Əliyev müstəqil Azərbaycanın bütün inkişaf və tərəqqi yollarını öz dühası ilə işıqlandırmışdır. Siz də bu işıqlı yolların davamçısısınız desəm heç də yanılmaram.
Ölkəmizdə keçirilən seçkilər əslində tarixi zəfərimizin, prezident postuna Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı andını ləyaqətlə yerinə yetirmiş cənab İlham Əliyevə - Sizə ümumxalq etimadının parlaq nümayişi kimi qızıl hərflərlə tarixə yazıldı.
Prezident seçkilərinin ən əlamətdar, ən müstəsna simvolu da Müzəffər Liderin, Sizin məhz Xankəndi şəhərində 35 il Azərbaycan dövlətinə meydan oxumuş, o məkanda səs verməyiniz idi.
Siz, 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycanın dövlət bayrağını ucaldaraq zəfər seçkisində öz imzanızı da məhz burada təsdiq etdiniz.
Cənab Prezident, prezident seçkilərində inamlı, yüksək ümumxalq dəstəyi ilə ifadə olunan qələbənizdən sonra Azərbaycanın qarşısında duran vəzifə yeni tarixi mərhələlərin inkişaf yolunu davam etdirməkdir. Siz ölkə qarşısında bütün əsas vəzifələri yerinə yetirərək 32 il ərzində işğal altında olmuş ərazilərimizin azad edilməsinə və suverenliyimizin tam bərpasına nail olmusunuz.
Ata vəsiyyəti, oğul qüdrəti ilə haqq savaşımız zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı qələbəsi kimi adınız, əməliniz tarixə qızıl hərflərlə əbədi yazıldı. Qüdrətli oğulun qüdrətli ordusunun uğurları bir daha göstərdi ki, bütün tarixi torpaqlarımızı işğaldan azad edilməsinə qadirik. Mənim üçün ən önəmlisi dahi şəxsiyyət Ulu Öndərimizin ruhunun şad olmasıdır!
Zəfər ruhlu ilk seçkimiz ölkəmiz və xalqımız üçün, eləcə də Cənab Prezident, Sizin üçün xeyirli və uğurlu olsun!
Hörmətlə,
Rəfiqə Məsud, kinossenarist, publisist, jurnalist, əməkdar mədəniyyət işçisi.
Azərbaycan Respublikası, Bakı şəhəri.