Almaniya Federativ Respublikasının Şərqi Biznes Assosiasiyasının Müşahidə Şurasının sədri Katarina Klaas Mülhauzerdən
22 fevral 2024, 16:41
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli Prezident Əliyev.
İcazə verin Sizi yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə təbrik edim. Almaniyanın Şərqi Biznes Assosiasiyası adından Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Siz keşməkeşli geosiyasi dövrdə Azərbaycana rəhbərlik edirsiniz və bu dövr Rusiya-Ukrayna müharibəsi nəticəsində daha da çətinləşib. Azərbaycan logistika, bərpa olunan enerji sahələrində, eləcə də fosil yanacaqların mühüm təchizatçısı olaraq tərəfdaş kimi önəmli rol oynayır.
İqtisadi əlaqələri genişləndirməklə yanaşı, ölkəniz həm də regional əməkdaşlıqda əhəmiyyətli rola malikdir. İqtisadi baxımdan Almaniya Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Biz Bakının COP29-a ev sahibliyi edəcək şəhər kimi seçilməsi ilə bağlı qərarı alqışlayır və bu münasibətlə Sizi təbrik edirik.
Şərqi Biznes Assosiasiyası Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlıq edərək, bu il fevralın 26-29-da Bakıya səfər edəcək Almaniya şirkətlərinin 50 nəfərdən ibarət nümayəndə heyətinə rəhbərlik edəcəkdir. Biz planlaşdırma məqsədilə Azərbaycanın Berlindəki səfirliyi ilə sıx əlaqə saxlayırıq və cənab Prezident, Sizinlə görüşümüzdən çox məmnun olardıq.
Hörmətlə,
Katarina Klaas Mülhauzer
Almaniya Federativ Respublikasının Şərqi Biznes
Assosiasiyasının Müşahidə Şurasının sədri