Əlisahib Hüseynovdan, Bakı, Azərbaycan
22 fevral 2024, 11:55
Cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Xalqımız üçün, milli dövlətçiliyimiz üçün fövqəladə əhəmiyyət daşıyan Zəfər seçkisində inamlı qələbə qazanmağınız münasibətilə Sizi təbrik edirəm. Səsvermənin nəticələri Azərbaycanın inkişafi naminə və ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası yolunda Sizin son 20 ildə həyata keçirdiyiniz müdrik siyasətə qədirbilən xalqımızın verdiyi yüksək qiymət və dəstəyi, Sizə olan böyük inam və etimadı bariz şəkildə əks etdirir. Bu gün qalib xalqımız Sizə - öz qalib Liderinə səs verməklə Azərbaycanın ərazi bütövlüyünün siyasi cəhətdən təsdiqlənməsini, rəsmiləşdirilməsini gerçəkləşdirdi.
Mən insanlarımızda möhtəşəm seçki coşqusu, seçici fəallığı və əsl həmrəylik əhval-ruhiyyəsi gördüm. Onlar səsvermə hüquqlarını reallaşdırmaq üçün böyük məmnuniyyətlə seçki məntəqələrinə gedirdilər. Bunun da əsas səbəbi heç şübhəsiz ki, son 33 illik müstəqillik tariximizdə ilk dəfə suverenliyimizin tam təmin olunduğu bir şəraitdə, bütöv Azərbaycanda ilk seçkinin keçirilməsidir.
Ən yeni tariximizdə ilk dəfədir ki, Xankəndi də, Şuşa da, Xocalı da seçki prosesinə qoşuldu, “Böyük Qayıdış” proqramı çərçivəsində Laçına, Füzuliyə, Zəngilana, Cəbrayıla qayıdan keçmiş məcburi köçkün soydaşlarımız doğma yurd yerlərində səs verdi. Bir sözlə, Azərbaycanın hər yerində insanlarımız bu seçkilərə Qarabağın işğaldan azad olunmasının doğurduğu sevinc və qürur hissi ilə qatıldı. Bu mənada 7 fevral seçkisi gerçəkdən də əsl Zəfər seçkisi oldu.
Bu seçkilərdə dairə və məntəqələrdə müşahidə olunan seçici çoxluğu və seçki fəallığı məhz Sizə - ölkəmizin suverenliyini təmin edən Müzəffər Ali Baş Komandana mənəvi dəstəyinin və şükranlığının ifadəsidir. Siz isə Qələbəmizin zirvə nöqtəsi sayılan Xankəndidə səs verməklə bir daha xalqımıza qürur hissi yaşatdınız. Sizin məhz Xankəndidə seçkiyə qatılmağınız doğrudan da çox böyük tarixi hadisədir. Bunun mühüm siyasi əhəmiyyəti var. Siz bu addımmızla həm dostlarımızı sevindirdiniz, həm də düşmənlərimizə mesaj ünvanladınız və növbəti dəfə bütün dünyaya da bəyan etdiniz ki, Xankəndi Azərbaycanın tarixi şəhəridir. Siz seçkiyə Xankəndidən qatılmaqla fəaliyyətinizin 20 illik mərhələsinə “Qarabağ Azərbaycandır!” həqiqəti ilə yekun vurdunuz və yeni mərhələnin, yeni dönəmin təməlini qoydunuz.
Təsadüfi deyil ki, Sizin prezident seçkilərində səs vermək üçün Xankəndini seçməyiniz ölkə xaricində də ciddi əks-səda doğurdu. Revanşist erməni mediası və ekspertləri isə Sizin Xankəndidə səs verməyinizi əks etdirən görüntüləri Ermənistanın hərbi və siyasi müstəvilərdə məğlubiyyətinin real təsdiqi kimi dəyərləndiriblər. Bu da Sizin siyasi və hərbi qələbələrinizin məntiqi yekunu olan mənəvi-psixoloji Qələbənizdir.
Zəfər seçkisi Azərbaycan xalqının yaddaşında və ölkəmizin siyasi tarixində ən parlaq siyasi hadisə kimi, taleyüklü seçki kimi qalacaq. Çünki bu seçki həmçinin ölkəmizin inkişafının yeni mərhələsinin startıdır. Sizin rəhbərliyinizlə qarşıda ölkəmizi və xalqımızı böyük işlər gözləyir. İnanırıq ki, Zəfər seçkisinin nəticələri bizi yeni zəfərlərə doğru aparacaq.
Seçkidə qazandığınız tarixi qələbənizin həm ölkəmiz üçün, həm də bütün Türk dünyası üçün xeyirli olmasını arzu edir və Sizə yeni fəaliyyət dönəmində davamlı uğurlar diləyirik.
Biz hər zaman yanınızdayıq! Bütün xalqımız Sizinlədir!
Hörmətlə,
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.