Azərbaycan-Bosniya və Herseqovina sənədlərinin imzalanması mərasimi olmuşdur
18 oktyabr 2012, 12:10
Prezident İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Bosniya və Herseqovina sənədlərinin imzalanması mərasimi olmuşdur.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzaladılar.