İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında Bakı bəyannaməsi qəbul edilmişdir
16 oktyabr 2012, 12:00
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısının yekununa dair Bakı bəyannaməsi qəbul olunmuşdur.
Sənədin qəbulundan sonra İƏT mükafatlarının təqdim olunması mərasimi keçirilmişdir. Müxtəlif sahədə elmi tədqiqat işlərinə görə İƏT-in mükafatları səkkiz ölkədən 24 nəfərə təqdim edilmişdir. Azərbaycandan iqtisadiyyat sahəsindəki elmi nailiyyətlərinə görə İƏT-in mükafatı akademik Asəf Nadirova verilmişdir.
İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısının Pakistanın paytaxtı İslamabadda keçirilməsi qərara alınmışdır.
Sammitin bağlanış mərasimində çıxış edən Prezident İlham Əliyev vurğulamışdır ki, İƏT-də sədrliyi dövrdə Azərbaycan təşkilatın inkişafına töhfəsini verəcəkdir.
Bununla da İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı başa çatmışdır.