Rauf Abbasovdan, Gəncə, Azərbaycan


19 fevral 2024, 17:40
Hörmətli cənab Prezident,
Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan səmimi- qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, arzulayıram.
Xalqımızın bir daha Sizə yüksək etimad göstərməsinin təməlində Azərbaycanın məhz müdrik rəhbərliyinizlə ardıcıl, dinamik inkişaf yolu keçməsi, ölkə həyatının bütün sahələrində qazanılan böyük uğurlar dayanır. Ulu Öndər Heydər Əliyevin qalib siyasətini böyük inamla və uzaqgörənliklə davam etdirməyiniz nəticəsində Azərbaycan öz tarixinin ən güclü, dünya birliyinin sayılıb-seçilən dövləti səviyyəsinə yüksəlmişdir.
Sizin böyük sərkərdəlik məharətinizlə rəhbərlik etdiyiniz qəhrəman Ordumuz Vətən müharibəsində və bir sutkalıq antiterror tədbirlərində düşməni ağır məğlubiyyətə uğradaraq Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. Böyük Qələbədən sonra işğaldan azad olunmuş doğma Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı abadlıq-bərpa işləri də məhz Sizin gərgin fəaliyyətinizin bəhrəsidir. Bu gün Azərbaycan bölgənin lider dövlətinə çevrilmiş, dünya birliyindəki mövqeyini daha da gücləndirmişdir.
Qalib xalq bu misilsiz tarixi xidmətləri unutmadığını yüksək qiymətləndirdiyini fevralın 7-də Sizi öz Prezidenti kimi növbəti dəfə dəstəkləməklə bir daha qətiyyətlə ifadə etdi. Bu, həm də müdrik rəhbərliyinizlə aparılan ölkənin hərtərəfli tərəqqisinə, hər bir vətəndaşın rifahının yüksəlməsinə yönəlmiş uğurlu quruculuq siyasətinizə verilən yekdil dəstək idi. Bir sözlə, seçkidə inamlı qələbəniz ali dövləti vəzifənizin həyata keçirilməsində Sizin xalq qarşısında xidmətlərinizin və siyasi nüfuzunuzun parlaq sübutudur. Hazırda dünyanın bir çox bölgələrində münaqişələrin davam etdiyi bir vaxtda, Azərbaycanda sabitlik və təhlükəsizlik tam təmin edilmişdir.
Möhtərəm cənab Prezident, Sizin inamlı qələbəniz bizim böyük sevincimizə səbəb olub.
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi bir daha ürəkdən təbrik edir, Ulu Öndərimiz Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi, Azərbaycanın xoşbəxt gələcəyi naminə fədakar fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram.
Hörmətlə
Abbasov Rauf Müzəffər oğlu
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
“Dövlət və bələdiyyə idarəetmə” fakültəsinin qiyabi 3-cü kurs tələbəsi
Azərbaycan Respublikası, Gəncə şəhəri.