Əhliman Əmiraslanovdan, Bakı, Azərbaycan
17 fevral 2024, 14:30
Hörmətli cənab Prezident,
2024-cü ilin fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərində Müzəffər Lider kimi xalqımızın böyük etimadını qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Xalqımız öz prezidenti ilə fəxr edir, ona qələbə sevinci yaşadan, başucalığı gətirən Liderinə böyük dəstək verir. Prezident seçkiləri bunun daha bir bariz təcəssümü oldu. Bu seçkilərin ədalətli nəticəsi Sizin tərəfinizdən son 20 ildə həyata keçirilən sosial, iqtisadi və siyasi islahatlara, hərbi qələbələrə geniş ictimai dəstəyin əyani göstəricisidir. Azərbaycan tarixinin çox mühüm dövrünə yekun vuruldu. Prezident, Müzəffər Ali Baş Komandan kimi Sizin qüdrətli sərkərdəliyiniz, müdrik siyasətiniz ilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdiniz, indi isə yeni bir dövr başlayır, bu dövrün başlanğıcı məhz prezident seçkiləri ilə qoyulur. Prezident seçkilərində Qalib Liderə səs verən xalqımız əmindir ki, bu nailiyyətlərin davamı gələcək, yeni dövrdə qarşıda duran yeni vəzifələr də uğurla yerinə yetiriləcək.
Cənab Prezident, Sizin uzaqgörən siyasətiniz, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf konsepsiyasını böyük müvəffəqiyyətlə davam etdirərək, onu yeni layihələrin tətbiqi və dərin islahatlar strategiyası ilə daim irəliyə aparmaqla ölkəmiz daha böyük uğurlar qazanacaq, yeni zirvələr fəth edəcəkdir. Bu yeni tarixi epoxada məhz Sizin böyük siyasətlə yüksək idarəçiliyi, qətiyyət və geniş elmi dünyagörüşünü özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin Azərbaycana rəhbərlik etməsi ölkəmizin və xalqımızın tarixi şansıdır.
Prezident seçkilərində Sizə - Müzəffər Liderə səs verən xalqımız əmindir ki, bu nailiyyətlərin davamı gələcək, yeni dövrdə qarşıda duran yeni vəzifələr də uğurla yerinə yetiriləcək. Bu müqəddəs işdə Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, səadət diləyir, xalqımızın rifahı, vətənimizin çiçəklənməsi yolunda yerinə yetirdiyiniz işlərinizdə yeni - yeni uğurlar arzulayıram.
Səmimi hörmət və ehtiramla,
Əhliman Əmiraslanov, Milli Məclisin deputatı,
Azərbaycan Respublikası, Bakı şəhəri.