İlham Əliyev Münxendə “Leonardo” şirkətinin baş həmdirektoru ilə görüşüb
16 fevral 2024, 17:15
Fevralın 16-da 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münxen şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub.
Görüşə görə təşəkkürünü bildirən Lorenzo Mariani dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə “Leonardo” şirkəti ailəsi adından səmimi-qəlbdən təbrik etdi. Vurğuladı ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıqdan irəli gələrək, şirkətin ölkəmiz ilə əməkdaşlığı uğurla inkişaf edir.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə “Leonardo” şirkəti arasında əməkdaşlıqdan məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, prezident seçkilərində qələbə qazanması münasibətilə İtaliya Prezidenti tərəfindən göndərilmiş təbrik məktubunda İtaliya-Azərbaycan əlaqələrinin mükəmməl səviyyədə olduğu xarakterizə edilmişdir. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-İtaliya əlaqələrinin həqiqətən mükəmməl xarakter daşıdığını və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini bildirdi.
Söhbət zamanı Azərbaycan ilə “Leonardo” şirkəti arasında müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik və kosmik sahələrdə, eyni zamanda, SOCAR ilə “Leonardo” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, bu əməkdaşlıqdan məmnunluq ifadə olundu.